Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İbtidai Palatası Talibanın ali lideri Heybətullah Axundzadə və Əfqanıstan Ali Məhkəməsinin sədri Əbdül Hakim Həqqaninin həbsinə order verib.
Doğru.az xəbər verir ki, BCM-nin yaydığı rəsmi press-relizdə orderlərin Əfqanıstandakı vəziyyətlə əlaqədar verildiyi bildirilir. Sənəddə qeyd olunur ki, sözügedən şəxslər beynəlxalq hüquq normalarını pozmaqda və insan hüquqlarına qarşı yönəlmiş cinayətlərdə ittiham olunurlar.
Qeyd edək ki, bundan əvvəl BCM martın 12-də Hollandiyada təyyarəsi enən Filippinin sabiq prezidenti Rodriqo Duterteyə qarşı da hərəkətə keçmişdi. O, nəzarətə götürülmüş və məhkəmə prosesi üçün hazırlıqlara başlanılmışdı.
BCM prokuroru Duterteyə qarşı irəli sürülən ittihamları və onun məhkəməyə cəlb olunmasını alqışlayaraq, beynəlxalq ədalətin təmin olunmasının vacibliyini vurğulamışdı.
Hazırda Axundzadə və Həqqaniyə qarşı verilmiş həbs orderlərinin icrası ilə bağlı beynəlxalq hüquq-mühafizə qurumları tərəfindən tədbirlərin görüləcəyi gözlənilir.
DOĞRU.AZ