Bu gün Vətən müharibəsinin fəal iştirakçısı olan daha bir neçə Biləsuvar igidi ilə əlaqə saxladım. Qazimiz Zəkizadə Qurban Vüqar oğlu Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanmış, hazırda müalicəsinə ev şəraitində davam edir.
Digər həmsöhbətim Süleymanlı Nicat Etibar oğlu da artıq evdədir, dünən hərbi xidmətini şərəflə başa vurub.Qəhrəmanlarımızdan, UNEC-in 2-ci kurs tələbəsi Əhədzadə Nurlan isə hal hazırda hərbi xidmətini davam etməkdədir.
Söhbətdən sonra bir daha əmin oldum ki, Vətənə sədaqət imtahanından şərəflə keçmiş Nurlan, ali məktəbi də uğurla bitirərək, layiqli mütəxəssis kimi daha güclü Azərbaycan naminə səylərini əsirgəməyəcək.
Hazırda xidmətini davam edən qəhrəmanlarımızdan İbadlı Eldost Sakit oğlu və Babayev Mənsum Füzuli oğlunun isə ailə üzvləri ilə danışaraq, qayğıları ilə maraqlandıq.
Qeyd edim ki, Eldost şəhid Ruslan İbadlının qardaşıdır. Mənsum isə müəllim ailəsində dünyaya gəlmiş gənc müəllimdir. Ailələrinə hər ikisi ilə qürur duyduğumuzu bildirdik.
Allah Azərbaycan əsgərini qorusun!


























