Doğru.az xəbər verir ki, ötən gecə Lənkəran rayon prokurorluğuna Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması ilə bağlı məlumat daxil olub.
Lənkəran rayon prokurorluğunun açıqlamasında bildirilir ki, 27 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Qızılağac Milli Parkının mühafizə yegerləri Zahir Bəşirov, Ceyhun Mustafayev və mühafizə müfəttişi Natiq Rzazadənin qanunsuz ov edən şəxslərin müəyyən edilməsi məqsədilə qeyd edilən parkda xidməti vəzifələrini icra edərkən naməlum şəxs tərəfindən ov tüfəngindən atəş açaraq sonunculara xəsarət yetirilməsi müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
























