Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti “Telegram” sosial şəbəkəsində yayılan yeni dələduzluq barədə açıqlama verib.
Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər “Telegram” vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlər göndərilir:
“Çox zaman bu mesajlar dost və ya tanışın adından göndərildiyinə görə etibarlı hesab olunur və məlumatsız vətəndaşlar bu tələyə düşüb öz fərdi məlumatlarını daxil edirlər. Belə ki, vətəndaşlara göndərilən keçidə daxil olduqdan sonra həmin nömrənin “Telegram” hesabına təsdiqləmə kodu göndərilir.
Vətəndaş təsdiqləmə kodunu daxil etdikdən sonra onun “Telegram” hesabı və yazışmaları ələ keçirilir. Həmçinin ələ keçirilmiş hesabdan bot kimi istifadə edilərək həmin istifadəçi adından bu mesaj avtomatik olaraq onun “Telegram” istifadəçisi olan əlaqələrinə göndərilir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə mesajlara etimad etməməyə çağırır. Vətəndaşlara tövsiyə edilir ki, hər hansı qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı dəqiqləşdirsinlər”.
O qeyd edib ki, vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməmək tövsiyə olunur.
DOĞRU.AZ