image-n1karobka_ads
image-00ed57dcdf7d5c8c5f74152077221a90backend

“McDonald’s” yeməklərində donuz tükü… – TƏHLÜKƏ?

“McDonald’s” yenidən qlobal müzakirələrin mərkəzinə düşüb. Şirkətin İsrail ordusuna pulsuz yemək paylaması ilə bağlı yaranan mübahisələr səngiməmiş, sosial şəbəkələrdə yayılan bir video yeni qalmaqala səbəb olub.

Bu barədə bloqer Benyamin Akkaya məlumat yayıb.

Kadrlarda “McDonald’s”ın dondurulmuş məhsullarını daşıdığı iddia edilən TIR sürücüsü qutuların üzərindəki tərkib siyahısını nümayiş etdirir. Videoda məhsulların tərkibində insan saçı, heyvan və donuz tüklərindən əldə edilən maddələrin olduğu, həmçinin təmizlənmiş bitki yağları, yüksək fruktozalı sirop, müxtəlif rəngləndirici və stabilizatorlardan istifadə edildiyi bildirilir.

Müzakirələrə səbəb olan əsas məqamlardan biri isə çörək xəmirində istifadə edilən L-sistein (L-Cysteine) maddəsidir. İddialara görə, bu maddə insan, heyvan və hətta donuz tükündən əldə oluna bilər. Elmi mənbələrdə L-sisteinin xəmirin elastikliyini artırmaq və yumşaltmaq üçün istifadə edildiyi qeyd olunur. Mütəxəssislər bildirirlər ki, bu maddə qida sənayesində geniş tətbiq olunur və normadan artıq istehlakı müəyyən sağlamlıq riskləri yarada bilər.

Qeyd edək ki, müasir dövrdə L-sistein sənaye üsulu ilə sintetik və ya fermentasiya yolu ilə də istehsal olunur. Bir çox beynəlxalq şirkətlər isə xammalın heyvani mənşəli olmadığını açıqlayır.

Azərbaycanda buna görə narahat olmağa əsas varmı? “Fast-fud”, xüsusən də uşaqların sevimlisi “Mcdonalds” yeməkləri hansı narahatlıqlar yarada bilər?

Qida mühəndisi Yusif Həkim Musavat.com-a açıqlamasında bildirib ki, əvvəllər Azərbaycanda fəaliyyət göstərən “Mcdonalds”da yerli və halal ət istifadə edilmirdi. Onun sözlərinə görə, şəbəkə son 6 ayda yerli ət istifadəsinə keçib:

“Qırmızı əti artıq Azərbaycandan alırlar. Toyuq məhsulu isə hələ də xaricdən gətirilir. L-sistein ilə bağlı isə təkcə “Mcdonalds” məhsulları barədə deyil, həmçinin çörək və pizza istehsalı haqqında da iddialar eşidilir. Bu maddə ilə bağlı əlimizdə tutarlı fakt yoxdur. Biz onun ölkəyə idxal olunması ilə bağlı Dövlət Gömrük Komitəsindən məlumat ala bilmirik.

Məsələ burasındadır ki, o adla idxal olunmur, sadəcə, idxal olunan məhsulların içində var. L-sistein maddəsinin ən böyük ixracatçısı Çindir. Çin hidroliz yolu ilə insan saçından və donuz tükündən sistein istehsal edən ən böyük istehsalçıdır. Çünki orada ən ucuz maddə insan saçıdır. Ancaq biz hələ də “Mcdonalds” çörəklərində bu maddənin istifadə edilib, edilmədiyini bilmirik”.

Ekspert qeyd edib ki, insan və donuz mənşəli sistein qəti şəkildə haramdır:

“Yaponiya və Almaniya da əsas istehsalçı ölkələrdəndir və bu ölkələrdə heyvan və insan mənşəli olmayan alternativ xammallardan da istifadə edilir. Almaniyanın bəzi şirkətləri sisteini yalnız bitki mənşəli xammaldan – mikrobial fermentasiya yolu ilə istehsal edir. Eyni şəkildə bitki mənşəli sistein Yaponiyada və İndoneziyada istehsal olunur. Toyuq və ördək lələklərindən əldə edilən sisteinin halal sayılması üçün həmin heyvanların halal qaydalarla kəsilməsi vacibdir. Bitki mənşəli sistein isə əsasən halal sayılır. Yerli istehsalçılar arasında hansı müəssisələrin sisteinli un istifadə etdiyi və ya çörək zavodlarının sistein tətbiq edib-etmədiyi barədə dəqiq məlumat yoxdur. Bu barədə daha geniş məlumatı ancaq sahə üzrə mütəxəssislər verə bilərlər”.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki