Doğru.az xəbər verir ki, 24 may 2025-ci il tarixində “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçiriləcək. Tədbir “Sağlamlığın Qorunması” İctimai Birliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşəbbüsü ilə baş tutacaq.
Konfrans “Sağlam Addımlar: Artıq Çəkiyə Son” layihəsinin tərkib hissəsi olaraq keçiriləcək. Məqsəd ictimaiyyətdə piylənmənin yaratdığı sağlamlıq riskləri barədə məlumatlılığı artırmaq və sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir.
Tədbirin əsas məqsədlərindən biri də piylənmənin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində müasir tibbi yanaşmaların işıqlandırılması, həmçinin bu istiqamətdə yerli və beynəlxalq mütəxəssislər arasında təcrübə mübadiləsinin təşviq olunmasıdır.
Konfransda diqqət mərkəzində olan mövzulardan bəziləri bunlardır:
– “Sağlam arıqlama, immunitetin gücləndirilməsi və gənc qalmağın təbii yolları”
– “Artıq çəki və piylənmə – ürək-damar xəstəliklərinin risk amilləri”
– “Piylənməsi olan uşaqlarda həkim-xəstə münasibətlərinin etik aspektləri”
– “Ölkəmizdə Aşırı Piylənmənin Cərrahi Müalicəsi və keçdiyi yol”
Konfransda Azərbaycanla yanaşı, Türkiyədən də tanınmış mütəxəssislər iştirak edəcək və öz ölkələrində bu sahədə tətbiq edilən qabaqcıl elmi-praktiki yanaşmaları təqdim edəcəklər. Bu isə iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq və regional əməkdaşlığı genişləndirmək imkanı yaradacaq.
Tədbirin açılışını “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abdıyeva edəcək. Ardınca millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, t.e.d. Rəşad Mahmudov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri prof. Hikmət İbrahimli və “Yeni Klinika”nın direktoru, dr. Barat Yusubov çıxış edəcəklər.
Tədbir zamanı iştirakçılara mövzu ilə bağlı videoçarx nümayiş olunacaq və bədii hissə ilə davam edəcək.
Konfransın elmi hissəsində aşağıdakı mövzularda çıxışlar nəzərdə tutulub:
– Millət vəkili, t.e.d. Rəşad Mahmudov: “Ateroskleroz və kliniki protokollar; necə etməliyik və nə üçün?”
– Dr. Ender Saraç (Türkiyə): “Sağlam arıqlama, immunitetin gücləndirilməsi və gənc qalmağın təbii yolları”
– Mehtap Şafak: “Bədənin aclığı, ruhun boşluğudur”
– t.ü.f.d. Gülnarə Ağayeva: “Metabolik sindrom fonunda inkişaf edən qaraciyər problemləri”
– t.ü.f.d. Rafiq Yusifli: “Artıq çəki və ürək-damar xəstəlikləri”
– Oftalmoloq-cərrah, t.ü.f.d. Mirana Mirişova: “Sağlam qidalanmanın görmə orqanına təsiri”
– Dr. Afət Məhəmmədli: “Piylənmənin diaqnostikasında laborator üsullar”
Konfransın ikinci hissəsində isə:
– t.e.d. Yaqut Hacıyeva: “Piylənmənin tibbi və sosial aspektləri”
– t.ü.f.d. Təranə Tağızadə: “Piylənmədən əziyyət çəkən uşaqlarla həkim-xəstə münasibətlərinin etik tərəfləri”
– Kader Bekmezci Demiralp (Türkiyə): “Həyatın siyasəti”
– Dr. Arzu Hüseynova: “Xroniki pankreatitin piylənmə fonunda gedişi”
– t.ü.f.d. Tarıyel Ömərov: “Azərbaycanda bariatrik cərrahiyyənin inkişafı”
– Dr. Xəyyam Eyvazov: “Piylənmə və Tip 2 diabet”
– Dr. Nərmin Novruzova: “Epigenetika və piylənmənin müalicəsi”
Bu mühüm tədbir cəmiyyətə sağlam həyat tərzinin önəmini bir daha xatırlatmaqla yanaşı, tibbi yeniliklərin paylaşılması və maarifləndirmənin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.
DOĞRU.AZ