2025-ci il mayın 24-də “Sağlamlığın Qorunması” İctimai Birliyi, TƏBİB və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşəbbüsü ilə “Sağlam Addımlar: Artıq Çəkiyə Son” layihəsi çərçivəsində elmi-praktik konfrans keçirilib. Tədbirin məqsədi artıq çəkinin sağlamlığa təsiri, onun qarşısının alınması yolları və sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirməni gücləndirmək olub.
Konfrans Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin anılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqini layihə rəhbəri, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abdıyeva edib. O, birliyin həyata keçirdiyi maarifləndirmə tədbirləri və səhiyyə sahəsindəki uğurlu islahatlardan söz açıb. Qeyd olunub ki, qalib ölkənin nümayəndələri olaraq belə konfransların təşkili xüsusi qürur hissi doğurur.
Millət vəkili, t.e.d. Rəşad Mahmudov piylənmənin ciddi sağlamlıq riski olduğunu vurğulayaraq vahid yanaşmaların formalaşdırılmasının əhəmiyyətindən danışıb və “Ateroskleroz və kliniki protokollar” mövzusunda təqdimatla çıxış edib.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi prof. Hikmət İbrahimli də artıq çəkinin idarə olunmasının ictimai səhiyyədə prioritet məsələ olduğunu bildiriblər.
Yeni Klinikanın direktoru dr. Barat Yusubov, oftalmoloq t.e.d. Hicran Namazova, kardioloq prof. G. Dadaşova və digər çıxışçılar sağlam həyat tərzinin təbliği və artıq çəkinin müxtəlif orqan sistemlərinə təsiri barədə fikir və təkliflərini bölüşüblər.
Konfrans çərçivəsində Türkiyədən dəvət olunmuş mütəxəssislər – sağlam qidalanma üzrə dr. Ender Saraç, ailə məsləhətçisi Mehtap Şafak, ailə dizimi üzrə Kader Bekmezci Demiralp, nəfəs terapisti Neşe Kutlutaş və digər yerli həkim və alimlərin təqdimatları dinlənilib. Çıxışlarda artıq çəkidən qaynaqlanan psixoloji, endokrin, kardioloji, göz və həzm sistemi problemlərinə toxunulub.
Tədbirin bədii hissəsində Əməkdar artist Nuriyyə Hüseynova və bəstəkar Çilənay Hüseynova musiqili çıxışlar təqdim ediblər. Şairə Rəfiqə Abbasova da tədbirə öz şeiri ilə rəng qatıb.
Konfransın sonunda iştirakçılar geniş fikir mübadiləsi aparıb, sual-cavab sessiyası keçirilib, iştirakçılara sertifikatlar və Türkiyədən gəlmiş mütəxəssislərə təşəkkürnamələr təqdim olunub.
385-dən çox iştirakçının qatıldığı tədbir, yerli və xarici ekspertlərin iştirakı ilə elmi bilik və praktik təcrübə mübadiləsi üçün səmərəli platforma kimi qiymətləndirilib.
DOĞRU.AZ