image-2000x150px
image-123
image-ads_atlas
image-17084219315374622102_1200x630backend

Siyasi şərhçi: Avropa Azərbaycana doğru yaxınlaşır

image-728x90px

Almaniyanın Münxen şəhərində keçirilən ənənəvi Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi. Beynəlxalq münasibətlərin tarıma çəkildiyi, yeni dünya müharibəsi təhlükəsinin heç vaxt olmadığı qədər artdığı, dünyanın müxtəlif qütblərində münaqişə ocaqlarının alovlanmağa başladığı bir vaxtda keçirilən bu konfrans, əlbəttə ki, mühüm əhəmiyyətə malikdir. Məsələyə ölkəmizin mövqeyi və prioritetləri baxımından yanaşdıqda, Azərbaycan Liderinin konfransa qatılması xüsusilə diqqəti cəlb edir. Əvvəlkilərdən fərqli olaraq Azərbaycan bu konfransa tamamilə yeni statusda – Qarabağ problemini birdəfəlik dəfn etmiş və beynəlxalq hüquq müstəvisində tanınan sərhədləri üzərində öz suverenliyini tam bərpa etmiş dövlət kimi qatıldı. Artıq nə bu konfransın, nə də hər hansı başqa bir tədbirin zallarında bu məsələ müzakirə olunmur və olunmayacaq. Söhbət getsə-getsə, yalnız Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsindən, Cənubi Qafqazda qarşılıqlı inam və etimad mühitinin bərpa olunmasının yollarından gedə bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İslahatçı Gənclər İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

O bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan Münxen Təhlükəsizlik Konfransına avropalı “cənablar”dan hər hansı yardım, vasitəçilik xahiş etməyə deyil, dünyanın siyasi və iqtisadi xəritəsinin yenidən cızıldığı bir vaxtda ölkəmizin xarici siyasətinin əsas konturlarını çatdırmağa, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etməyə, Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə öz fikir və təkliflərini bölüşməyə gedib. Hansı ki, Rusiya-Ukrayna müharibəsi fonunda “enerji aclığı” yaşayan Avropa üçün bu, daha vacibdir.

 

“Bu konfransda dünyanın nüfuzlu liderlərinin, iri biznes şəbəkələri rəhbərlərinin özlərinin Prezident İlham Əliyevlə görüşmək üçün təşəbbüs göstərməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı mühüm rolu növbəti dəfə ortaya qoydu. Nəhayət, Azərbaycan bu konfransa növbədənkənar prezident seçkilərini ən yüksək səviyyədə keçirən və bu baxımdan “demokratik Avropa”nın özünü belə “mat” vəziyyətinə salan milli və dünyəvi dəyərlərə sadiq bir ölkə statusunda qatılıb. Lakin həmin Avropanın bəzi dairələri seçki keçirilməmiş onun nəticələrini şübhə altın almağa çalışdı, seçkinin nəticələri bəlli olandan sonra isə liderləri Prezident İlham Əliyevi təbrik etmək üçün növbəyə düzüldülər. İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşı tərəfin müraciəti əsasında keçirdiyi görüşlərin qrafiki də çox idi. Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli, daha sonra ikitərəfli görüşləri də Münxen sammitinin yaddaqalan hadisələrindəndir. Burada diqqəti cəlb edən əsas nüans isə Emmanuel Makronun simasında Fransanın oyundankənar vəziyyətdə qalmasıdır. Ermənistanın əsas “hami”sini bu cür gülünc duruma salan isə Azərbaycan Liderinin yeritdiyi məqsədyönlü və uzaqgörən siyasətidir. Bu reallığı Nikol Paşinyan da, deyəsən, artıq başa düşməkdədir. Bəli, Qoşulmama Hərəkatının sədri kimi öz missiyasını uğurla yerinə yetirən, hazırda isə COP29 kimi nüfuzlu bir tədbirin ev sahibi və bir sıra mühüm qlobal iqtisadi layihələrin əsas müəllifi kimi Azərbaycan və onun Lideri Münxendə diqqət mərkəzində idi. Bunun da əsas səbəbi, Prezident İlham Əliyevin inauqurasiya mərasimində dediyi sözlərlə ifadə etsək, Azərbaycanın artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət statusundan çıxıb, dünyada fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən bir dövlətə çevrilməsidir”, – deyə Fərid Şahbazlı vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki