“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri AZƏRTAC-a açıqlamasında bildirib ki, bir tərəfdən Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq edərək öz təhlükəsizliyini təmin edən Avropa, digər tərəfdən ölkəmizə qarşı təzyiq siyasəti yürüdür ki, daha çox güzəştlər əldə etsin.
Onun sözlərinə görə, Avropa Parlamenti (AP) uzun müddətdir demokratiya və söz azadlığı anlayışlarından siyasi məqsədləri üçün istifadə edir. Nadir Azəri vurğulayıb ki, AP inkişaf etməkdə olan ölkələrdən demokratiya tələb edərkən, əslində güzəştlər tələb edir və həmin dövlətin milli maraqlarını nəzərə almır. AP-nın qəbul etdiyi qətnamə mövcud qanun və normativ aktlara ziddir və daxili işlərə müdaxilə kimi qiymətləndirilir.
İB sədri həmçinin qeyd edib ki, Azərbaycan dünyada cərəyan edən təhlükəli proseslərdən yan keçərək sülh adası rolunu oynayır. Ölkəmiz Ermənistan ilə sülh prosesinə sadiq qalır, təcrid vəziyyətindən çıxmasına yardım edir və taxıl, neft məhsullarının daşınmasına şərait yaradır. Belə bir şəraitdə insan hüquqlarının pozulması iddialarının irəli sürülməsi təsadüfi deyil və Avropanın dəyərlər sistemindən çox, təzyiqlər sistemini əks etdirir.
DOĞRU.AZ




























