Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin aprel ayında ümumilikdə 2 milyon 464 min 844 vətəndaş müraciəti qeydə alınıb. Bu müraciətlərin 48 min 114-ü stasionar, 2 milyon 416 min 730-u isə ambulator xidmətlərlə bağlı olub.
TƏBİB-dən Doğru.az-a verilən məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayında 14 faiz artım müşahidə edilib.
Aprel ayında göstərilən ümumi tibbi xidmətlərin sayı isə 8 milyon 815 min 400 olub. Bunların 1 milyon 27 min 233-ü stasionar, 7 milyon 788 min 167-si isə ambulator xidmətlərdir. Bu göstərici ötən illə müqayisədə 23 faiz artım deməkdir.
Laborator müayinələr üzrə də əhəmiyyətli artım qeydə alınıb. Apreldə aparılan 3 milyon 765 min 965 laborator müayinənin 505 min 42-si stasionar, 3 milyon 260 min 923-ü isə ambulator olub. Bu sahədə 27 faiz artım baş verib.
Hesabata görə, ay ərzində 33 min 937 cərrahi əməliyyat və prosedur icra olunub. Bunlardan 31 min 397-si stasionar, 2 min 540-ı isə ambulator şəkildə həyata keçirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artım deməkdir.
Doğru.az olaraq, vətəndaşlara göstərilən tibbi xidmətlərin say və keyfiyyət baxımından artırılmasının vacibliyini dəstəkləyirik.
DOĞRU.AZ