Vətəndaş Günəş Nəsibova saytımıza müraciət edərək bir şəxsin əlillik dərəcəsinin verilməsinin qanuniliyinin araşdırılmasını xahiş edib.
Doğru.az xəbər verir ki, müraciətdə Alıyev Alı Eyyub oğluna verilmiş əlillik statusu ilə bağlı ciddi suallar qaldırılır.
Müraciətdə qeyd olunur ki, təqdim olunan sənədlərdə Alıyev Alı Eyyub oğlunun guya I Qarabağ müharibəsində 1994-1997-ci illərdə iştirak etdiyi göstərilib. Vətəndaş bildirir ki, I Qarabağ müharibəsi 1994-cü ilin may ayında atəşkəslə başa çatıb və bu tarixdən sonrakı dövrdə döyüş əməliyyatlarında iştirak məsələsi hüquqi və faktiki baxımdan sual doğurur.
Günəş Nəsibovanın sözlərinə görə, mövcud məlumatlarda Alıyev Alı Eyyub oğlunun 1993-cü ildə zabitlik kursu keçdikdən sonra kiçik leytenant rütbəsi alaraq Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yerləşən hərbi hissələrdən birində xidmət etdiyi qeyd olunur. Müraciətdə vurğulanır ki, hərbi qanunvericiliyə əsasən, zabit kimi xidmət edən şəxslərin müəyyən müddət xidmət fəaliyyəti göstərməsi tələb olunur.
Müraciətdə bir sıra suallar açıq saxlanılır. Belə ki, sözügedən şəxsin hansı tarixlərdə və hansı hərbi hissələrdə xidmət etdiyi, hərbi xidmətin hansı əsasla dayandırıldığı, əlillik dərəcəsinin hərbi xidmətlə bağlı olub-olmaması, mümkün yaralanmanın harada və hansı şəraitdə baş verdiyi, bu faktlarla bağlı rəsmi hərbi və tibbi sənədlərin mövcudluğu məsələlərinin araşdırılması xahiş olunur.
Vətəndaş müraciətində, həmçinin Alıyev Alı Eyyub oğlunun faktiki sağlamlıq vəziyyəti və gündəlik həyat fəaliyyətinin ona əlillik dərəcəsinin verilməsi üçün əsaslı tibbi və funksional məhdudiyyətləri əks etdirmədiyini iddia edir.
Müraciətdə bildirilir ki, sözügedən əlillik statusundan istifadə edilməklə müxtəlif hüquqi və əmlak üstünlükləri əldə oluna bilər və bu hal digər vətəndaşların qanuni hüquqlarının pozulmasına səbəb ola bilər.
Günəş Nəsibova aidiyyəti qurumlardan – Müdafiə Nazirliyinin müvafiq strukturları, hərbi arxivlər, tibbi-sosial ekspertiza orqanları və digər rəsmi qurumlar tərəfindən məsələnin yenidən, obyektiv və hərtərəfli araşdırılmasını, qanun pozuntusu aşkar edilərsə müvafiq hüquqi tədbirlərin görülməsini xahiş edib.
DOĞRU.AZ




























