image-2000x150px
image-123
image-ads_atlas
image-729842116921e1288b0b34a6b28dd598backend

Araik Arutyunyan müqavimətə başladı

image-728x90px

Vardanyanın Xankəndinə yerləşməsindən sonra mövqelərini itirəcəyindən qorxan separatçı həm də azadlığını itirmək təhlükəsi ilə üzləşib

Məlum olduğu kimi, separatçı ordusunun keçmiş komandanları Mikael Arzumanyan və Cəlal Arutyunyan həbs ediliblər. Arzumanyan “şəhərin itirilməsinə və çoxsaylı insan tələfatına səbəb olan Şuşa uğrunda gedən döyüşlərdə səhlənkarlığa, qətiyyətsizliyə və peşəkarlıq göstərmədiyinə görə’’ həbs edilib.

General Cəlal Arutyunyan belə məhv edildi - VİDEO

Cəlal Arutyunyan

Ermənistanın İstintaq Komitəsi Qarabağdakı qondarma rejimin sabiq “müdafiə naziri” Cəlal Arutyunyana qarşı da ittiham irəli sürüb. C.Arutyunyanın Ermənistanın Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəisi səlahiyyətləri dayandırılıb. İstintaq Komitəsinin məlumatına görə, son müharibə zamanı Arutyunyan xidməti vəzifələrinə səhlənkarlıq göstərib, bu da ciddi nəticələrə, xüsusən də canlı qüvvə və zirehli texnikanın böyük itkisinə, ehtiyat qüvvələrinin yararsız vəziyyətə düşməsinə, atəş mövqelərinin isə düşmənin nəzarətinə keçməsinə səbəb olub. Yəni Ermənistan İstintaq Komitəsi belə qənaətə gəlib ki, qondarma qurumun “müdafiə nazirlərinin” “ehtiyatsızlığı” səbəbindən Şuşa Azərbaycan Ordusu tərəfindən azad edilib. Ermənistan Milli Assambleyasının keçmiş deputatı Naira Zohrabyan yazır ki, baş nazir Nikol Paşinyan Şuşanın təslim olmasını yalnız məmur səhlənkarlığına bağlı olduğu rəyini formalaşdırmaq istəyir: “Nikol hamınızı növbə ilə həbs edəcək və yaxşı edəcək. Çünki sadə bir məntiq var: əgər sən bir nömrəli günahkarı və təslim olanı saxlamasan, cəsarətin çatmırsa, o da öz növbəsində Qarabağın süqutunu sizin cibinizə qoyacaq və sizi yerə yıxıb qandal taxacaq. İstisna etmirəm ki, yaxın gələcəkdə ”Qarabağ prezidenti” Araik Arutyunyan da bu ittihamla saxlanılacaq”.

Təsadüfi deyil ki, həbslər fonunda Xankəndidə Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilib. Bu o deməkdir ki, Vardanyanın Xankəndinə yerləşməsindən sonra mövqelərini itirəcəyindən qorxan Araik həm də azadlığını itirmək təhlükəsi ilə üzləşib və mümkün qədər müqavimət göstərməyə çalışacaq.

Qeyd edək ki, Azərbaycanda Araik Arutyunyan barəsində cinayət işi açılıb. 2020-ci il Gəncədə əhalinin sıx məskunlaşdığı əraziyə edilmiş terror hücumlarına görə məsuliyyəti Arutyunyan öz üzərinə götürüb. Gəncəyə olan hücum nəticəsində 26 şəxs qətlə yetirilmişdi. Araik Arutyunyan öz tvitter hesabında bu hücumu təşkil etdiyini bəyan etmişdi. Bu sübutlar əsasında Arutyunyanın təqsirləndirilən şəxs kimi Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 120 (qəsdən adam öldürmə) və digər maddələri ilə məsuliyyətə cəlb edilməsi barədə qərar verilib. Azərbaycan və Ermənistan terrorçuluğa qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiyanı ratifikasiya ediblər. İstənilən hüquq dövləti terrorçuluğa görə axtarışa verilmiş şəxsin tutulmasına və konvensiyanın tələblərinə riayət etməyə borcludur. Qısa müddət ərzində Araik Arutyunyanın istintaqa təqdim edilməsi və məhkəməyə çıxarılması təmin ediləcək”.

Araikin müqaviməti fayda verəcəkmi?

Bakupost.az - Prezidentliyə daha bir namizəd - Akif Nağı

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı erməni terrorçusunun həbs ediləcəyinə inanır: “Vardanyanın Rusiya tərəfindən Qarabağa göndərilməsi, Şuşa əməliyyatına görə ”generallar”ın məsuliyyətə cəlb olunması Qarabağda situasiyanı dəyişmək istəyindən xəbər verir. Burada bir məsələ də diqqəti cəlb edir. Paşinyan İkinci Qarabağ müharibəsindən yaxasını kənara çəkməyə çalışırdı, indi oradakı hərbi əməlliyyatlara görə İrəvanda məhkəmə-istintaq qurulur. Bununla həm də özlərini ifşa edirlər. Araik Arutyunyanın da həbs olunacağı ehtimalı böyükdür. Çünki ondan artıq kifayət qədər istifadə olunub, kənara atıla bilər. Araikin müqavimət göstərməsinin mənası yoxdur. Orada onun mülki, var-dövləti var. Ən yaxşı halda o, var-dövlətini xilas etməyə çalışacaq. Əslində Ermənistanın məğlubiyyətinə görə ilk növbədə Araik həbs olunmalıydı. Görünür, çox şey bildiyinə görə hələlik həbsi təxirə salınırdı. İndi onun həbsi həm var-dövlətinin əlindən alınması, həm də şahidlərin aradan götürülməsi baxımından aktuallaşıb. Bir də bununla “günah keçisi”ni də tapmış olacaqlar. Vacib məsələ isə odur ki, bu həbs olunanların hamısı cinayəti Azərbaycan ərazisində törədiblər, həm də onların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Ona görə də mühakimə olunmaq üçün Bakıya təhvil verilməlidirlər”.

AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, politoloq Kamran Məmmədlinin fikirləri də diqqət çəkir: “Fikrimcə, günlər öncə Brüsseldə baş tutan liderlərin üçtərəfli görüşündə əldə olunan nəticələrlə, eləcə də Azərbaycan və Ermənistan arasında sülh sazişinə aid sənədlərin hazırlanması ilə bağlı razılığın əldə olunması ilə eyni vaxtda qondarma rejimin, onun liderinin yenidən hərəkətə keçməsi, Ermənistan parlamentində hakim partiyadan sonra ikinci böyük fraksiya olan ”Çiçəklənən Ermənistan” partiyasının nümayəndə heyəti və digər partiya sədrləri ilə Qarabağda görüşlər keçirməsi təsadüfi deyil. Bir sözlə, Ermənistan siyasətində vəziyyətin gərginləşməsi bu danışıqlar prosesini pozmağa və sülh sazişinin əldə olunmasının qarşısını almağa yönəlib.

Eyni zamanda Paşinyan hakimiyyətinin həyata keçirdiyi son həbslər də onu göstərir ki, erməni baş nazir öz ölkəsini rus agentlərindən, özlərinin “5-ci kolonu”dan təmizləmək niyyətindədir. Bu baxımdan istisna deyil ki, növbə Araikə də çatacaq.

Bu ilin aprel ayında Azərbaycan Baş Prokurorluğunun Araikin qısa müddətdə istintaqa cəlb edilməsi haqqında qərarı və bunun bütün media orqanlarında dərc olunması heç də təsadüfi sayıla bilməz.

Böyük ehtimalla Azərbaycan-Ermənistan danışıqlarında Araikin bizə təslim edilməsi mövzular arasında olub və müəyyən nəticələr də əldə olunub.

Paşinyan hakimiyyəti müharibədəki məğlubiyyətdən dərhal sonra Ermənistanda başlanan kütləvi etirazları yatırda bildisə, məğlubiyyətə rəğmən xalqın dəstəyini bir daha aldısa, hesab edirəm ki, bundan sonrakı proses onlar üçün daha asan olmalıdır. Bütün bu faktlardan çıxış etsək, fikrimcə, bundan sonra Araikin müqaviməti ona heç bir fayda verməyəcək.

İstənilən halda Ermənistanın tədricən rus agentlərindən təmizlənməsi və Paşinyan hakimiyyətinin iqtidarda qalması ölkəmizin mənafeyinə uyğundur”.

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

 Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı isə hesab edir ki, Araik sona qədər özünü qoruya bilməyəcək: “Ermənistan hakimiyyəti son həbslərlə məğlubiyyəti separatçıların üzərinə atmaq mərhələsini genişləndirir. Bunu müharibədən keçən iki ilə yaxın müddət sonra etmələri maraqlıdır. Halbuki Cəlal Arutunyan və Arzumanyan müharibədən sonra ”irəli çəkilmiş”di. İndi bu şəxslər ittiham olunur. Fikrimcə, hər şey separatçılarla Ermənistan arasındakı qarşıdurmaya görədir. Paşinyanın “status tələbi aşağı salınmalıdır” açıqlamasından sonra İrəvanla Xankəndidə qalan separatçı rejim arasında qopmalar başlandı, müharibədən sonra Nikolla işləyən Araik keçmiş klana və Rusiyaya daha çox yaxınlaşdı. Xankəndidə “Nikol satqındır” təbliğatı birbaşa qondarma rejimin özü tərəfindən təşviq edilir. Görünür, Paşinyan bu addımlarla həm məğlubiyyətin məsuliyyətini separatçı rejimin üzərinə qoymaq, həm də Xankəndidə itirdiyi mövqelərini bərpa etmək niyyətindədir. Qriqoryanın Xankəndinə səssiz gəlişi də buna hesablanmışdı və istisna deyil ki, separatçı rejimdə “hakimiyyət dəyişikliyi” mübarizəsi qızışacaq. Araik Arutyunyanın müqaviməti isə perspektivdə çətin görünür. O, hələ ki ruslar və keçmiş klanla əlaqələrindən istifadə edərək, özünü qorumağa çalışır, eyni zamanda Qərbdə erməni diasporu ilə də əlaqələrini genişləndirir. Hərçənd özünü sona qədər qoruya biləcəyi ehtimalı azdır. Çünki Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Bakının idarəetməni bərpa etməsi məsələsi getdikcə daha da aktuallaşacaq və belə bir vəziyyətdə Araik özü baş verəcəklərdə məsuliyyətdən yayınmaq üçün oyundan çəkilməyə çalışacaq”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki