image-2000x150px
image-1647682173_fb_mg_1647679591211backend

Arzu Bağırova: ABŞ Prezidentinin dövlətimizin başçısına məktubu Azərbaycanın dünyada böyük nüfuzunun göstəricisidir

image-728x90px

Prezident Co Baydenin dövlətimizin başçısına ünvanladığı məktub təhlükəsizlik məsələlərinin həllində ABŞ-la Azərbaycanın ortaq maraqlarının olmasını nümayiş etdirir. Məktubun ingilis dili mətnində Novruz bayramı ifadəsinin Azərbaycan dilində yazılması ABŞ hökumətinin ölkəmizə qarşı səmimi jestidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova söyləyib.

QHT sədri diqqətə çatdırıb ki, Azərbaycanın dünyada baş verən kəskin dəyşikliklər fonunda öz qlobal öhdəliklərinə sadiq qaldığını sözdə deyil, əməldə nümayiş etdirməsi, sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində yürütdüyü çevik siyasət dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir:

“Azərbaycan 2020-ci ildə öz torpaqlarının azadlığı uğrunda apardığı Vətən müharibəsində Zəfər qazanaraq regionda yeni reallıq yaratdı. Ölkəmiz bütün dünyaya öz gücünü, birliyini, sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu nümayiş etdirdi. ABŞ Prezidenti Co Baydenin məktubunda yer alan istiqamətlər, o cümlədən regional barışığın əldə olunması ilə bağlı məqam Azərbaycanın regionda yaratdığı reallıqların qlobal miqyasda qəbul olunduğunu, ölkəmizin suveren hüquqlarına hörmət bəslənildiyini, davamlı sülhün əldə olunması prosesinə məhz mövcud reallıqlar çərçivəsindən yanaşıldığını təsdiqləyir”.

A.Bağırova vurğulayıb ki, məktubda ABŞ-ın Azərbaycan hakimiyyəti ilə gələcəkdə də sıx əməkdaşlıq istəyi və bunun təkcə ənənəvi sahələr üzrə deyil, həmçinin yeni istiqamətlər üzrə davam etdirilməsi təşəbbüsü öz əksini tapıb.

“Dünyanın super gücü olan ABŞ həm Azərbaycanın vətəndaş cəmiyyəti institutları, həm də siyasi hakimiyyəti ilə fəal əməkdaşlıq edir. Çünki ABŞ üçün bu bölgə xüsusi əhəmiyyət kəsb edir. ABŞ Administrasiyasının bütün dönəmlərində Azərbaycan hökuməti ilə enerji təhlükəsizliyi, regional təhlükəsizlik, nəqliyyat və infrastruktur, təhsil və mədəniyyət sahəsində geniş əməkdaşlığı olub.

Azərbaycan-ABŞ münasibətləri hər zaman strateji xarakter daşıyıb və bu münasibətlərin daha da genişləndirilməsi labüddür”.

QHT sədri bildirib ki, son bir neçə ayda dünya liderləri tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktublar, telefon zəngləri Azərbaycanın dünyada böyük nüfuzu, dövlətimizin başçının gördüyü işlərin, irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki