Prezident İlham Əliyev: “İdmana olan diqqət və qayğı Azərbaycanın dövlət siyasətidir”
Doğru.az xəbər verir ki, Azərbaycan idmana göstərdiyi dəstək və bu sahəyə yönəltdiyi investisiyalarla dünyanın idman ölkələri sırasında xüsusi yer tutur. Ölkə rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində son illərdə Azərbaycanda idmanın inkişafı sürətlənib, müxtəlif idman növlərinə maraq və iştirak səviyyəsi yüksəlib.
Hazırda ölkədə 50-yə yaxın Olimpiya idman kompleksi mövcuddur ki, onlardan 48-i aktiv şəkildə fəaliyyət göstərir. Bu isə peşəkar idmanın inkişafına geniş imkanlar yaradır. Təkcə bu fakt Azərbaycan dövlətinin idmana verdiyi önəmin göstəricisidir.
2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları, 2016-cı ildə Rio Yay Olimpiadasında ölkəmizin dünya üzrə 15-ci yerdə qərarlaşması və müsəlman ölkələri arasında lider olması Azərbaycanın beynəlxalq idman arenasındakı mövqeyini bir daha təsdiqləyib.
İdmanın inkişafına dövlət tərəfindən hər il təxminən 100 milyon manat investisiya ayrılır. 2011-ci ildən fəaliyyət göstərən Gənclər Fondu isə yalnız idman deyil, gənclərin digər sahələrdə də inkişafına dəstək verir.
Azərbaycan həmçinin Formula 1 kimi mötəbər idman tədbirlərinə ev sahibliyi edir. 2016-cı ildən etibarən hər il Bakıda keçirilən bu yarış dünya mediasının diqqətini ölkəmizə yönəldir.
Qadınların idmanda fəallığı da dövlət siyasətində önəmli yer tutur. U-16 qızlar basketbol komandası Avropa çempionu olub, “Azerrail Baku” voleybol komandası isə 2024–2025 Super Liqasının qalibi kimi yadda qalıb.
Azərbaycanın qədim idman növü olan oxatma da inkişaf edir. Yaylagül Ramazanova 2024-cü il Paris Yay Olimpiadasında Çin idmançısını məğlub edərək qızıl medal qazanıb.
Şahmat da ölkəmizdə geniş yayılmış idman növlərindəndir. 1920-ci ildən fəaliyyət göstərən Azərbaycan Şahmat Federasiyası və Faiq Həsənovun “Chess Club” proqramı bu sahədəki tarixi və nailiyyətləri göstərir. Proqram Guinness Rekordlar Kitabına düşüb.
Cüdo və paralimpiya sahəsində də böyük uğurlar qazanılıb. Gözdən əlil cüdoçu İlham Zəkiyev dəfələrlə paralimpiya qızıl medalçısı olub.
Azərbaycan UFC döyüş növündə də öz sözünü deməyə başlayıb. Ölkəmiz bu sahədə üç güclü idmançı ilə təmsil olunur. Gürcüstan əsilli amerikalı idmançı Merab Dvalishvili ölkəmizdəki idmançıları yüksək qiymətləndirib.
Futbol sahəsində “Qarabağ” FK Azərbaycanın simvol klubuna çevrilib. Klub UEFA Avropa Liqasının 1/8 finalına yüksəlib, 2017-2018 mövsümündə isə Çempionlar Liqasının qrup mərhələsində “Atletico Madrid” kimi dünya nəhəngi ilə heç-heçə oynayıb.
Üzgüçülük üzrə Bakı Su İdmanı Sarayı (Baku Aquatics Center) bu sahədə beynəlxalq yarışların keçirildiyi əsas mərkəzə çevrilib. Azərbaycan Üzgüçülük Federasiyası idmanın bu növünün inkişafını aktiv şəkildə dəstəkləyir.
Azərbaycanın gənc idmançıları dünya və Avropa çempionatlarında qazandıqları uğurlarla ölkəmizi tanıdır və dövlətin idmana verdiyi dəstəyi bir daha sübut edir.
Humay Cəfərova
DOĞRU.AZ