image-2000x150px
image-1656921883_1656589822_1655194988_untitled-1backend

Azərbaycan qarşılıqlı hörmətə köklənən əlaqələrə üstünlük verir

image-728x90px

Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə əsaslanan xətlə inkişaf edir. Müasir dövrdə hər bir müstəqil dövlətin xarici siyasət strategiyası onun gücü, qüdrəti, resursları, dünya siyasətindəki rolu və yerindən asılı olaraq müxtəlif məqsəd və vəzifələr üzərində qurulur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, enerji asılılığının azaldılması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan yaşayışının təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Xarici siyasət və diplomatiya eyni zamanda hər bir dövlətin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmlənməsinə, ümummilli problemlərinin həllinə yönəlir. İyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev çıxışında bu məsələyə də xüsusu diqqət çəkib. Prezidentin sözlərinə görə, ilin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir: “Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi”.

Nəzərə çatdıraq ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı keçirlib. Xatırladaq ki, ötən ilin noyabrında Madriddə Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib. Bu Şəbəkə üzv dövlətlərin parlamentlərarası əməkdaşlığının inkişafı, qlobal parlament diplomatiyasının və Hərəkat daxilində birliyin güclənməsi baxımından önəmlidir.

Müasir müstəqil Azərbaycan hazırda dünyanı narahat edən bir çox qlobal problemlərin müzakirə olunduğu məkana çevrilib. Burada keçirilən mötəbər beynəlxalq tədbirlərdə Nobel mükafatçıları, yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar fəal iştirak edirlər. Bu baxımdan il ərzində “Gülsütan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantı, ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans, “TEKNOFEST Azərbaycan” festivalı, Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, IX Qlobal Bakı Forumu qlobal xarakter daşıyır. Prezident İlham Əliyevin ideya və təşəbbüsü, eləcə də himayəçiliyi ilə keçirilən bu beynəlxalq tədbirlərdə xarici ekspertlərlə əməkdaşlığın perspektivləri, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları, bölgənin tərəqqisi, təhlükəsizlik və s. mövzularda panel müzakirələri, fikir mübadiləsi aparılıb. Bu da sülhün təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması baxımından əlverişli imkan yaradır. Dünyanın müxtəlif ölkələrindən xeyli sayda mötəbər qonağın iştirak etdiyi bu tədbirlər beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verib. Bütün bunlar bir daha Azərbaycanın dünyada nüfuzunun artdığının və aparıcı beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndiyinin bariz nümunəsidir.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki