image-2000x150px
image-123
image-ads_atlas
image-a86fdddc5cd803a0b7b05cb4763dfb48backend

Azərbaycan Ramşteydəki anti-Rusiya tədbirinə dəvət edilib?

image-728x90px

Murad Sadəddinov: “Azərbaycana qardaş olan Türkiyənin Krım Platformasında iştirakı kifayətdir”

Ukraynalı diplomat və ictimai xadim, beynəlxalq hüquqşünas Vadim Tryuxan “Turan”a müsahibəsində Azərbaycanın müharibədə mövqeyi haqda da danışıb. “Bakıdan Ukraynaya məlum yardımla yanaşı, bizim ölkəmiz Rusiya Federasiyası ilə münaqişə etmir, iqtisadi əlaqələri inkişaf etdirir, eyni zamanda Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü haqda bildirir. Ukraynalılar belə siyasəti necə başa düşürlər” sualına belə cavab verib: “Ukrayna və Azərbaycan strateji tərəfdaşdır. Ukraynalılar azərbaycanlıların Ukraynaya böyük həcmdə humanitar yardım göndərməsini, eləcə də şiddətli toqquşmaların getdiyi bölgələrdən qaçmağa məcbur olan vətəndaşlarımızı qəbul etməsini yüksək qiymətləndirirlər. Bununla belə, mənim fikrimcə, qərar verməyin vaxtı çatıb. Azərbaycan Ukrayna üçün daha çox şey edə bilər. Xüsusən də yaxınlaşmaqda olan sərt qışqabağı, Ukraynada ölkənin cənubunda və şərqində həlledici döyüşlərin başladığı bir vaxtda. İstənilən hərbi yardım, o cümlədən enerjidaşıyıcılarının və neft məhsullarının tədarükü  tam vaxtına düşər. Bundan əlavə, mən Azərbaycanı sentyabrın 8-də Ramşteyndə görmək istərdim. ABŞ-ın müdafiə naziri Ostinin sədrliyi ilə 50-dən çox ölkənin nümayəndələri Putin Rusiyasına qarşı gələcək addımları müzakirə etmək üçün toplaşacaqlar, eləcə də Krım platforması iştirakçı-ölkələri arasında görmək istərdim. Yeri gəlmişkən, Azərbaycanın ən yaxın müttəfiqi olan prezident Ərdoğan avqustun 23-də Krım Platformasının ikinci sammitində şəxsən iştirak edib, ondan bir neçə gün öncə isə Ukraynaya səfər edib. Prezident Əliyevin də bunu etməsinin vaxtı çatıb. Ukrayna xalqı dəstəyə görə öz dostlarına təşəkkür etməyi bacarır. Əminəm ki, Ukrayna Azərbaycana da, ilk növbədə, onun güclü siyasi mövqeyinə və hərbi-texniki yardımına görə təşəkkürünü bildirəcək”.

Qərb ölkələrinin yaratdığı Kiyevə Hərbi Yardımın Koordinasiyası Qrupu sentyabrın 8-də Almaniyada növbəti dəfə iclas keçirəcək.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanlığı “Twitter” səhifəsində məlumat yayıb. İclas Almaniyanın Ramşteyn aviabazasında keçiriləcək. Kiyevə Hərbi Yardımın Koordinasiyası Qrupuna Ukraynaya maliyyə yardımı göstərən, eləcə də silah verən 40-dan çox ölkə daxildir. Krım Platforması isə ötən ilin avqustunda təsis edilib, ümumilikdə 44 dövlət və bir sıra beynəlxalq təşkilatlar təmsil olunur.

Ekspertlər hesab edir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, bunu beynəlxalq sənədlər də təsdiq edib və Krım Platformasına qoşulmasına ehtiyac yoxdur. Ramşteydəki anti-Rusiya blokunun tədbirinə gəlincə, Bakı münaqişədə tərəf deyil, heç bir tərəfə də hərbi dəstək göstərmir. Ukraynalı politoloqun təklifi zərərlidirmi? Azərbaycanı hara çəkmək istəyirlər? Krım Platformasına qoşulmağa ehtiyac var?

Qarabağda nə baş verir - Mühüm AÇIQLAMA Manset.az

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Vadim Tryuxan elə də ciddi  fiqur deyil. Ona görə də onun hansısa təklif və fikirləri ciddi qəbul edilməməlidir: “Bu adamın nə Ukrayna ictimai-siyasi həyatında ciddi ağırlığı var, nə də beynəlxalq müstəvidə. Onun özünün şəxsi fəaliyyətinə nəzər yetirsək, görərik ki, Vadim Tryuxan daimi olaraq Rusiya televiziyasında keçirilən anti-Ukrayna şoularında Ukraynanın guya tərəfi kimi təqdim olunur. Əslində isə Ukraynanı müdafiə edə bilmir və ya etmir. Onun iştirakı ilə təşkil edilən proqramlarda sonda Ukrayna günahkar və məğlub tərəf kimi göstərilir. Bunu bilə-bilə həmin şəxs daimi olaraq o şoularda iştirak edir. Bu fakt onun barəsində məndə şübhələr yaradır. Belə birisinin səsləndirdiyi fikirlər və təklifin zərərli olduğu şübhəsizdir. Mən, sadəcə, ümumən fikir bildirə bilərəm ki, Azərbaycan bu gün Ukraynaya kifayət qədər, hətta imkanlarından daha çox yardım göstərir. Bu, humanitar yardımdır. Ukraynanın rəhbərliyi bu yardımlar haqqında çox gözəl bilir və buna görə dəfələrlə Azərbaycana minnətdarlıq ediblər. Azərbaycan kiçik ölkədir və özünün problemləri həddən artıq çoxdur. Azərbaycan ərazisində bu gün Rusiya hərbi kontingenti yerləşib. Azərbaycan torpaqlarının böyük hissəsini azad edib və orada bərpa, quruculuq işləri ilə məşğuldur. Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa çalışır. Bəzi təklifləri irəli sürən adamlar bu məsələləri nəzərə almalıdırlar. Azərbaycanın azad etdiyi torpaqlarda quruculuq işləri üçün Azərbaycana Ukrayna da daxil, heç bir dövlət bir manat da olsun yardım etməyib. Bütün yük Azərbaycanın üzərindədir. Belə bir vəziyyətdə Azərbaycan Ukraynaya yardım edə bilirsə, bu, çox böyük addımdır. Bu addımdan o tərəfə hələ ki mümkün deyil”.

Ekspertin sözlərinə görə, onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Krımla bağlı mövqeyini bütün beynəlxalq təşkilatlarda bildirib. Azərbaycan Krımı Ukraynanın ərazisi hesab edir: “Azərbaycanın Krım Platformasında iştirak edib-etməməsi Ukrayna üçün nəyi dəyişə bilər? Azərbaycanın mövqeyi aydındır. Azərbaycanın Krım Platformasında iştirakı isə Rusiya ilə müəyyən problemlər yarada bilər. Azərbaycanın Rusiya ilə böyük iqtisadi əlaqələri var, Rusiya qonşuluğumuzda yerləşən böyük dövlətdir. Kimsə istəyirsə ki, bu əlaqələr pozulsun, deməli, o, Azərbaycanı istəmir. Eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi Ukraynada gedən müharibəyə heç bir müsbət təsir göstərməz. Azərbaycana qardaş olan Türkiyənin Krım Platformasında iştirakı kifayətdir. Azərbaycanın iştirak eləməsinə ehtiyac yoxdur”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki