İsveçin Vasteras şəhərində keçirilən ənənəvi ATR Teatr Festivalı uğurla yekunlaşıb. Festivalda İsveçin müxtəlif şəhərlərindən gələn kiçik və böyük teatr kollektivləri iştirak ediblər.
Festivalın ikinci günü azərbaycanlı rejissor, Prezident mükafatçısı Əlif Cahangir “Səhnədə azadlıq: Teatrda demokratik və totalitar rejissor yanaşmaları” mövzusunda ustad dərsi təqdim edib. Təlimin nəzəri hissəsində rejissor və aktyor münasibətləri, səhnə azadlığı məsələləri müzakirə olunub. Praktik hissədə isə Meyerholdun “Biomexanika” texnikasına əsaslanan məşğələlər keçirilib.
Qeyd edək ki, 1981-ci ildən təşkil olunan ATR Festivalı İsveçin ən böyük həvəskar teatr festivalıdır. Festival teatrla məşğul olanlar üçün görüş, fikir mübadiləsi və inkişaf platforması olaraq tanınır. Bu ilki festivalda ümumilikdə dörd əsas seminar (workshop) təqdim olunub.
Əsas seminarlar aşağıdakılar olub:
Andreas Sköld – “Ciddi yumor nədir?”
Anna-Jackelin Thell – “Mim nədir?”
Livet Bitch – Gənclərin icma əsaslı teatr yaradıcılığı
Əlif Cahangir – “Səhnədə azadlıq”
Xatırladaq ki, Əlif Cahangir 2015–2019-cu illərdə Akademik Milli Dram Teatrında rejissor kimi fəaliyyət göstərib. O, Kamal Abdullanın pyesi əsasında səhnələşdirdiyi “Bir, iki – bizimki” tamaşasına görə 2018-ci ildə Humay mükafatına layiq görülüb. Tanınmış teatr rejissoru, Xalq artisti Azər Paşa Nemətovun yetirməsidir.
DOĞRU.AZ