image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220829-wa0067backend

Azərbaycan və Qazaxıstan dost, qardaş,  müttəfidirlər – Nihad Pənahov

image-728x90px

Tarixi Zəfərimizin yaratdığı reallıqlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna işıq salır. Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa xüsusi önəm verən ölkəmiz 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoymaqla Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı.

Möhtəşəm Qələbəmiz Azərbaycanın hansı imkanlara malik olduğunu bir daha nümayiş etdirdi.  Məhz dəmir yumruq kimi birliyimiz sayəsində ərazi bütövlüyümüzün təmin olunmasına necə nail olduqsa, bu inamla da işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri başlandı.

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli  üçtərəfli Bəyanatın imzalanmasından dərhal  sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara səfərlərinin hər biri tarixi hadisə kimi dəyərləndirilir.

Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır ki, bu da ölkəmizin malik olduğu imkanların göstəricisidir. 30 illik işğal dövründə  Azərbaycan xalqı bu günü hər an səbirsizliklə gözlədi. Hazırda Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsi istiqamətində atılan addımlar, dost, qardaş ölkələrin Qarabağımıza təqdim olunan hədiyyələri hər bir azərbaycanlını qürurlandırır.

Vətən müharibəsinin  başlandığı gündən dünyaya  “Azərbaycan tək deyil” mesajını ünvanlayaraq sonadək ölkəmizə siyasi və mənəvi dəstəyini göstərən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən dövlət başçısı oldu.  Türkiyə şirkətləri  hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər.

Azərbaycan türkdilli dövlətlərin dəstəyini daim yüksək dəyərləndirir. Ölkəmizin türk dünyasının birliyinə, həmrəyliyinə töhfələri davamlıdır.  Avqustun 24-də  Qazaxıstan  Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri və səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə imzalanan sənədlər, Qazaxıstanın Qarabağımıza hədiyyəsinin –  Füzuli şəhərində tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi, ən əsası isə Prezident İlham Əliyevin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” Ali ordeni ilə təltif edilməsi ölkəmizin türk dünyasında, ümumilikdə beynəlxlq münasibətlər artan rolunun və möhkəmlənən mövqeyinin göstəricisidir. Prezident İlham Əliyevin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” Ali ordeni ilə təltif edilməsi, eyni zamanda,  xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, dövlət başçımızın Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə, eyni zamanda, dövlət başçımızın türk dünyasında liderliyinə verilən ali dəyərdir.

Qazaxıstan Prezidenti cənab İlham Əliyevə  bu ali ordeni təqdim edərkən bildirmişdir: “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim”.

Onu da qeyd edək ki,  ötən ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə  Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilmişdi. Ali ordeni təqdim edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev. Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.

Qeyd etdiyimiz kimi, cənab İlham Əliyevə  həm Türk Dünyasının Ali Ordeninin, həm də Qazaxıstanın ali ordeninin təqdim olunması Azərbaycanın türk dünyasının həmrəyliyinə xidmət edən addımlarının davamlı xarakter almasından irəli gəlir. Cənab İlham Əliyev hər zaman bu çağırışı edir ki, gücümüz birliyimizdədir. Digər türkdilli dövlətlər kimi,  Qazaxıstan da ölkəmizlə  bütün məsələlərdə  eyni mövqeyi nümayiş etdirir. Ortaq tarixə və köklərə malik olan Azərbaycan-Qazaxıstan əlaqələri strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru inkişaf edir.  Qazaxıstan Prezidentinin səfəri zamanı imzalanan sənədlərin hər biri münasibətlərin  gələcək inkişafının təqdimatıdır.

YAP Tovuz rayon təşkilatının sədri 
 Nihad Pənahov

image-img-20220829-wa0067

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki