image-2000x150px
image-123
image-ads_atlas
image-01b539f9-dcbe-3d77-b636-29927da3caff_850backend

Azərbaycan və Qırğızıstan prezidentləri arasında məktub mübadiləsi olub

image-728x90px

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“2023-cü ilin əvvəli yuvarlaq tarixlə – Qırğız Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdardır. Bu tarixi hadisə münasibətilə Sizi və qardaş Azərbaycan xalqını təbrik etməyə ürəkdən şadam.

Fəxr edirəm ki, xalqlarımız arasında çoxəsrlik dostluq, dil, mədəniyyət, din və tarix baxımından yaxınlıq tellərinin möhkəm bünövrəsi üzərində qurulmuş qarşılıqlı münasibətlər dövlətlərarası və diplomatik status kəsb edib.

Ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə ötən il bizim aprel və oktyabr aylarındakı qarşılıqlı səfərlərimizin yekunlarına əsasən strateji müstəviyə qalxmış siyasi əlaqələrimizin birgə səylərimizlə əldə edilmiş səviyyəsini yüksək qiymətləndirirəm.

Əminəm ki, birgə səylərimiz sayəsində xalqlarımız arasında dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, gələcəkdə də ardıcıl xarakter daşıyacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev qırğız həmkarı Sadır Japarova məktub ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Biz dərin tarixi, mədəni və mənəvi köklərlə bağlı olduğumuz qardaş Qırğızıstan ilə dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət veririk. Otuz il əvvəl bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin xüsusən son illərdə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması böyük məmnunluq doğurur.

Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan sənədlər əməkdaşlığımızın yüksək inkişaf dinamikasından xəbər verir. Xüsusilə də keçən il qardaş ölkələrimizə həyata keçirdiyimiz səfərlər ikitərəfli əlaqələrimizin keyfiyyətcə yeni pilləyə qaldırılmasında vacib rol oynamışdır. Sevindiricidir ki, həm Bakıda, həm də Bişkekdə Sizinlə apardığımız müzakirələr, əldə etdiyimiz razılaşmalar və imzaladığımız çoxsaylı mühüm sənədlər Azərbaycan-Qırğızıstan tərəfdaşlığının bütün sahələrdə inkişafına və yeni məzmunla zənginləşməsinə təkan vermişdir.

İnanıram ki, hazırda ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək əlaqələrimizin möhkəmləməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq.

Sizi bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğızıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki