İyunun 26-dan 29-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.
Azərbaycan yarışda 14 çəki dərəcəsində ümumilikdə 19 idmançı ilə təmsil olunacaq. Turnirdə ölkəmizi 10 oğlan və 9 qız cüdoçu fərdi yarışlarda təmsil edəcək. Yarışın sonuncu günündə yığmamız qarışıq komanda çıxışında da mübarizə aparacaq.
Oğlanlardan ibarət yığmaya baş məşqçi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki rəhbərlik edəcəklər. Qızların hazırlığına isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov nəzarət edir.
Tatami üzərinə çıxacaq cüdoçular arasında Anar Quliyev, İbrahim Talıbov (50 kq), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev (55 kq), Zeyd Ələsgərov (60 kq), Əli Hümbətov (66 kq), Səid Şərifov, Ayxan Həsənli (73 kq), Abdullah Rəhmətov (81 kq), Səid Hüseynov (90 kq) və Tunar Fərzəliyev (+90 kq) yer alır.
Qız cüdoçular sırasında isə Mədinə Hüseynova (40 kq), Gülşən Hüseynova (44 kq), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq) və Məsumə Məmmədli (70 kq) çempionluq uğrunda mübarizə aparacaqlar.
Bundan əlavə, Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov da turnirdə ədaləti qoruyacaq.
DOĞRU.AZ