Sentyabrın 30-da Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi keçirilib.
Doğru.az xəbər verir ki, Forum Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışında iki ölkə arasında strateji tərəfdaşlığın medianın inkişafı üçün yeni imkanlar yaratdığını bildirib. O, rəqəmsal media, süni intellekt texnologiyaları və peşəkar standartların qorunmasının önəmini vurğulayıb.
Özbəkistan Prezident Administrasiyasının nümayəndəsi Dilşod Saidjanov isə ortaq dəyərlərə əsaslanan əməkdaşlığın dezinformasiyaya qarşı birgə mübarizədə mühüm rol oynayacağını qeyd edib.
Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov da media əlaqələrinin iki ölkə arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini bildirib. Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov və digər çıxışçılar media əməkdaşlığının xalqlarımızın ortaq dəyərlərinin təbliğinə xidmət etdiyini vurğulayıblar.
Forum işini “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” və “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzularında panel sessiyalarla davam etdirib.
DOĞRU.AZ