image-2000x150px
image-123
image-ads_atlas
image-1618425683561_mglcu987backend

Deputat: “Ermənistanın, erməni diasporunun və işğalçıların havadarlarının böyük informasiya resursları Prezident İlham Əliyevə məğlub oldu”

image-728x90px

“ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev mühüm məsələlərə toxundu. Konfransda dövlətimizin başçısı əsasən İkinci Qarabağ müharibəsinin başlamasının səbəbləri, müharibənin gedişi və 10 noyabr razılaşmasının imzalanmasından sonra mövcud vəziyyət və regionda baş verən proseslər haqqında ətraflı şəkildə fikirlərini ifadə etdi. Beynəlxalq konfrans çərçivəsində nüfuzlu diplomatların, dünyanın aparıcı araşdırma mərkəzlərinin rəhbərlərinin və təmsilçilərinin suallarına cavab olaraq səsləndirdiyi fikirlər, işğaldan azad edilmiş ərazilərimiz, regionda və dünyadakı geosiyasi vəziyyət, dövlətimizin gələcəyi, xalqımızın strateji hədəfləri ilə bağlı bütün məqamlara aydınlıq gətirilməsinə imkan yaradır”.  

APA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı xarici KİV-lərə verdiyi çoxsaylı müsahibələrin hər biri Azərbaycanın informasiya müharibəsində qələbəsinin təminatı idi. Həmin müsahibələrdə dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini ifşa etdi və bu da informasiya müharibəsində ermənilərə çox böyük zərbə oldu, Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başladı. Yəni əvvəllər üzləşdiyimiz haqsız vəziyyətlər artıq aradan qalxıb, indi situasiya tam fərqlidir. Bu gün dövlətimizin başçısı qalib Azərbaycanın qalib Lideri kimi postmüharibə dövrünün reallıqlarından danışır.

“Dövlətimizin başçısına ünvanlanan suallar göstərdi ki, beynəlxalq aləmə işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası, Azərbaycanın regionda yeri və rolu ilə yanaşı, dövlətimizin başçısının dünyada gedən proseslər haqqında rəyi də maraqlıdır. Suallar həm də göstərdi ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanla əməkdaşlıq etmək, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib. Bu da onunla əlaqədardır ki, Azərbaycan artıq regionda yeni reallıq yaradıb. Artıq dünya ictimaiyyəti yaxşı bilir ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoyub, torpaqlarını qaytarıb, öz ərazi bütövlüyünü bərpa edib. Beynəlxalq konfrans zamanı dövlətimizin başçısı Ermənistandakı revanşist qüvvələrə bir daha xəbərdarlıq etdi”, deyə F.Yıldırım söyləyib.

Millət vəkilinin sözlərinə görə, bu gün dövlət başçısının rəhbərliyi  ilə həyata keçirilən informasiya siyasəti, ermənilərin ötən dövr  ərzində, xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə həyata keçirdikləri ağır müharibə cinayətlərinin izlərinin silinməsinin qarşısını alır: “İkinci Qarabağ müharibəsinin ilk günlərindən Ermənistanın həyata keçirdiyi müharibə cinayətlərinin dərhal qeydə alınıb, sənədləşdirilib və  dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılıb. Prezident İlham Əliyevin olduqca mürəkkəb bir dövrdə döyüş əməliyyatlarına rəhbərlik etməklə yanaşı, diplomatiya və informasiya sahəsindəki mübarizənin  də ön cərgəsində dayanması, yüksək liderlik keyfiyyətləri nümayiş etdirməsi Ermənistana öz cinayətlərini ört-basdır etməyə imkan vermədi. Ermənistanın, erməni diasporunun və işğalçıların havadarlarının böyük informasiya resursları Prezident İlham Əliyevə məğlub oldular. ADA Universitetində keçirilən beynəlxalq konfrans da, Azərbaycan Prezidentinin informasiya sahəsindəki Zəfər yürüşünün olduqca mühüm bir hissəsini  təşkil edir”.

Deputatın fikrincə, beynəlxalq konfransda cənab Prezidentin fikirləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan böyük əhəmiyyət daşıyır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki