Doğru.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, beynəlxalq terror təşkilatları ilə əlaqədə şübhəli bilinən bir qrup Azərbaycan vətəndaşı barəsində istintaq-əməliyyat tədbirləri aparılıb və onlar saxlanılaraq məsuliyyətə cəlb edilib.
DTX-nin məlumatına görə, Azərbaycan vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdıraraq ölkənin şimal bölgəsində meşəlik ərazilərdə yeraltı sığınacaqlar yaratmaq, terror aktlarına hazırlıq görmək, bunun üçün silah-sursat və partlayıcı maddələrlə təchizat aparmaq halları müəyyən edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, həmin dəstənin üzvləri – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimov 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləniblər. Onlar beynəlxalq terror təşkilatının tərkibində döyüş təlimləri keçib və silahlı münaqişələrdə iştirak ediblər.
DTX-nin tərəfdaş xarici xüsusi xidmət orqanları ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində adıçəkilən şəxslər xaricdə ələ keçirilərək Azərbaycana gətirilib.
İstintaq zamanı həmçinin müəyyən edilib ki, Tofiq Yusifli və Dadaş Həşimovun fəaliyyətləri Azərbaycan vətəndaşları – Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirilib. Onların digər cinayət əməlləri də üzə çıxarılıb.
Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev barəsində Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğun maliyyələşdirilməsi), 283-1.3 (dini düşmənçilik zəminində xaricdə təlim və münaqişələrdə iştirak) və digər maddələri ilə cinayət işi açılıb. Məhkəmə qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mənbə:
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidməti