Narkotik vasitələrin qaçaqmalçılığına və qanunsuz dövriyyəsinə qarşı davam etdirilən tədbirlər çərçivəsində müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü Şəhriyar Vaqif oğlu Əliyev müvafiq xarici ölkədə yaşayan şəxslə cinayət əlaqəsinə girərək, qaçaqmalçılıq yolu ilə Azərbaycana satış məqsədilə gətiriləcək külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuananı Beyləqan rayonu ərazisində əldə etdikdən sonra Bakı şəhərinə apararaq gizlədəcəyi barədə əvvəlcədən razılığa gəlib.
Oxu.Az-ın məlumatına görə, bundan sonra Şəhriyar Əliyev qarşılıqlı razılığa uyğun olaraq, həmin narkotik vasitəni Beyləqan rayonunun Əhmədli kəndi ərazisində gizlədilmiş yerdən götürərək Bakı şəhərinə aparmaq məqsədilə avtomobilinə daşıyarkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Keçirilmiş baxış zamanı onun üzərindən ümumilikdə çəkisi 30 kiloqramdan artıq olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla əlaqədar Şəhriyar Vaqif oğlu Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DOĞRU.AZ