Yeni Klinikanın TƏBİB Akademiyası və “Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Xarici tələbələrin tibbi təcrübə proqramı” çərçivəsində Türkiyə, Rusiya, Almaniya, İspaniya, Çexiya, Rumıniya, Misir, Macarıstan, Malta kimi ölkələrdən olan 21 əcnəbi tələbə ölkəmizə gəlib.
TƏBİB-dən Doğru.az-a verilən məlumata görə, onlardan 15 tələbənin Yeni Klinikanın müxtəlif tibbi şöbələrində təcrübə keçməsi nəzərdə tutulub. Tələbələr klinikanın Cərrahiyyə və transplantasiya, Ürək-damar, Reproduktiv sağlamlıq və ailə planlaması, Somatika və STROK, İnsult, Hematologiya və sümük iliyi nəqli mərkəzlərinin tərkibində fəaliyyət göstərən şöbə və bölmələrdə aidiyyəti üzrə təcrübə keçəcəklər.
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad edildikdən sonra Şuşa Xor Kapellasının ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən 2021-ci ilin əvvəlindən icbari tibbi sığortanın tətbiqi ilə əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edildiyini bildirib, Yeni Klinikada bu cür layihənin həyata keçirilməsinin qürurverici hal olduğu və icbari tibbi sığortanın yaratdığı imkanlar haqqında ətraflı məlumat verib.
Açılış mərasimində akademik Əhliman Əmiraslanov, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat Yusubov və “Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyinin sədri Murad Yusifli çıxış edərək təcrübə keçəcək tələbələrə uğurlar arzulayıblar.
Tələbələrə ağ xalatlar təqdim edilib, tələbələr isə rəhbər şəxslərə simvolik zeytun fidanları hədiyyə ediblər.
DOĞRU.AZ