image-2000x150px
image-123
image-ads_atlas
image-a6345b5eda809e875f955250d9eba2a0backend

DYP-dən vətəndaşlara MÜRACİƏT: “Vəziyyət olduqca ciddidir”

image-728x90px

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi yol-nəqliyyat hadisələri ilə bağlı ictimaiyyətə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərlinin verdiyi məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illər ərzində paytaxt ərazisində xeyli işlər görülsə də, yol-nəqliyyat hadisələrinin statistikası üzərində aparılan təhlillər onu göstərir ki, vəziyyət ürəkaçan deyil:

“Hətta olduqca ciddidir. Belə ki, 2021-ci ilin doqquz ayı üzrə paytaxt ərazisində qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır.

Yəni paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır. Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib. Piyada səhlənkarlığı və sürücü diqqətsizliyi hər il ağır yol-nəqliyyat hadisələrinin baş verməsi və insan ölümü ilə nəticələnir.

Aparılan nəzarət-profilaktik, eləcə də hərəkətin təhlükəsizliyinin təbliğinə yönəlmiş tədbirlərin daha səmərəli və təsiredici olması məqsədi ilə bütün kütləvi informasiya vasitələrinə, ictimai nüfuzlu şəxslərə, müxtəlif sosial şəbəkə platformasında aktiv olan vətəndaşlarımıza, blogerlərə, xüsusi ilə piyada təhlükəsizliyi ilə bağlı təbliğat işlərində bizə dəstək olmalarını, daha fərqli və təsiredici metodlarla cəmiyyətin hər bir üzvünün diqqətinin bu məsələlərə çəkməklə dəstək olmalarını xahiş edirik. Hər birimiz yol hərəkətinin iştirakçısıyıq. Yol hərəkəti təhlükəsizliyinin təminatı aidiyyəti qurumların fəaliyyət istiqaməti olmaqla yanaşı, cəmiyyətin bütün üzvlərinin həyatının bir hissəsidir”.

“Gəlin, bir-birimizə qarşı laqeyd olmayaq, yol hərəkəti təhlükəsizliyi marafonuna qoşulaq! Bütün gücümüzü səfərbər etməklə həmrəylik nümayiş etdirək. Dövlət Yol Polisi hərəkətin təhlükəsizliyinə dair istənilən təbliğat-təşviqat xarakterli təşəbbüsü öz səlahiyyətləri və imkanları çərçivəsində dəstəkləyir və bu sahədə ictimai məsuliyyət hissinin formalaşdırılmasına töhfə vermək istəyən hər bir şəxsə tam dəstəyini verməyə hazırdı”, – deyə o vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki