Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında 4×200 metr məsafəyə sərbəst üsulla estafet yarışında Azərbaycan üzgüçüsü Fatimə Alkərəmova bürünc medal qazanıb.
Doğru.az xəbər verir ki, Alkərəmova jurnalistlərə açıqlamasında yarışlar boyunca emosiyaların yüksək olduğunu, amma komandalarının sakit qalmağa çalışdığını bildirib:
> “Estafet yarışında əlimizdən gələni etdik. İnanıram ki, digər estafetlərdə daha yaxşı nəticə göstərəcək, fərdi olaraq da medallar qazanacağıq.”
O, İslamiadaya hazırlıq dövründə çətin məşqlərdən keçdiklərini vurğulayıb və komanda məşqçilərinə təşəkkürünü çatdırıb.
Yığmanın digər üzvü Mehri Əbdürrəhmanlı isə bildirib ki, yarışda 3-cü yeri tutmaq komanda üçün çox önəmli idi və qarşıdakı yarışlarda daha çox medal qazanacaqlarına ümid edir.
Qeyd edək ki, Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı ilə təmsil olunur. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır. Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
DOĞRU.AZ




























