Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunub və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audio çəkilişləri aparılıb və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib.
Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunaraq linkdə yerləşdirilib.
Qeyd olunan linkdə göstərilən siyahı aprelin 17-nə olan məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək.
Bununla yanaşı, Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı” təsdiq edilib. Sözügedən siyahı ilə təqdim edilmiş linkdə tanış olmaq mümkündür.
DOĞRU.AZ