image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240524-wa0099backend

İtaliyanın Baş prokuroru Azərbaycana gəlib, memorandum imzalanıb – FOTO

image-728x90px

Baş prokuror Kamran Əliyevin dəvəti ilə İtaliya Respublikasının Ali Kassasiya Məhkəməsinin Baş prokuroru Luici Salvatonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, əvvəlcə nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.

Baş Prokurorluqda keçirilən görüşdə Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın siyasi iradələri sayəsində ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.

Baş prokuror dövlət başçısının həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlətimizin başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı, bu prosesdə italyan şirkətlərinin də yaxından iştirak etdiyi barədə həmkarına məlumat verib.

Kamran Əliyev prokurorluq orqanlarının rəqəmsallaşması və bu sahədə aparılan islahatlara toxunaraq, müasir tələblərə cavab verən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti barədə danışıb.

Səfərə dəvətə görə təşəkkürünü bildirən Luici Salvato ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnunluğunu bildirib. Qonaq prokurorluq orqanlarımız arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını qeyd edib.

Luici Salvato ölkələrimizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalar çərçivəsində cinayətkarlığa qarşı mübarizədə hüquq-mühafizə orqanlarımız arasında əməkdaşlığın müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb.

İtaliyanın Baş prokuroru Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyasının insan hüquq və azadlıqlarının qorunması, demokratiya və qanunun aliliyinin təminatı olduğunu bildirib.

Baş prokuror Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un, bu il sentyabrın 29-dan oktyabrın 2-dək davam edəcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirib.

Görüşdə İtaliyanın ölkəmizdəki səfirliyinin müşaviri Rikardo Kursi iştirak edib.

Daha sonra baş prokurorlar ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalayıblar.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

DOĞRU.AZ

image-img-20240524-wa0101 image-img-20240524-wa0100 image-img-20240524-wa0103 image-img-20240524-wa0102 image-img-20240524-wa0105 image-img-20240524-wa0104 image-img-20240524-wa0106

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki