Yaxın aylarda Apple iPad mini 7 və iki yeni iPad Air modeli də daxil olmaqla bir neçə markalı planşet buraxmağı planlaşdırır.
Bu barədə 9to5mac portalı mənbələrə istinadən xəbər verir.
Əvvəllər analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple yeni iPad mini üzərində işləyir və onun 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində buraxılması gözlənilir. Bu məlumat daha sonra ShrimpApplePro insayderi tərəfindən təsdiqlənib. 9to5mac-ın mənbəsinə görə, Apple həqiqətən də iPad mini 7-ni yaxın gələcəkdə buraxmaq niyyətindədir, lakin dəqiq vaxt hələ açıqlanmayıb.
Yeni iPad mini öz sələfinin dizaynını saxlayacaq, lakin yeni avadanlıq alacaq. 2021-ci ilin sentyabrında təqdim edilən hazırkı iPad mini 6 iPhone 13-də də istifadə olunan A15 Bionic çipi ilə təchiz edilib.
Apple həmçinin J126b kod adlı əsas iPad-i sınaqdan keçirir. Keçən il iPad Air dizaynı və USB-C portu olan, lakin A14 Bionic çipi ilə 10-cu nəsil iPad təqdim edildi. Göründüyü kimi, yeni məhsul mövcud dizaynı saxlayaraq performans baxımından təkmilləşdirmələr alacaq.
Mənbə: Autotech