20 Yanvar faciəsinin 36-cı ildönümü Lerik rayonunda dərin hüzn və ehtiram hissi ilə anılıb. Qanlı Yanvar şəhidlərinin xatirəsi rayon ictimaiyyəti tərəfindən hörmət və minnətdarlıqla yad edilib.
Doğru.az xəbər verir ki, anım tədbirləri çərçivəsində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslər Lerik şəhərində yerləşən “Şəhidlər” abidə kompleksini ziyarət ediblər. Abidənin önünə tər güllər düzülüb, Vətən uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi ehtiramla anılıb.
Gün ərzində rayon sakinləri də “Şəhidlər” abidə kompleksinə axışaraq şəhidlərin ruhu qarşısında baş əyiblər, gül-çiçək dəstələri düzərək sonsuz hörmət və ehtiramlarını ifadə ediblər. Abidə önündə hökm sürən sükut və kədər xalqın yaddaşında 20 Yanvarın heç vaxt unudulmadığını bir daha nümayiş etdirib.
20 Yanvar faciəsi ilə əlaqədar saat 12:00-da Lerik rayonu ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmin an hər kəs olduğu yerdə dayanaraq Azadlıq uğrunda canından keçən Vətən övladlarının ruhuna ehtiramını bildirib.
Qeyd edək ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının mübarizə tarixində qanla yazılmış, azadlıq iradəsinin sarsılmazlığını dünyaya göstərən şanlı və eyni zamanda faciəli bir səhifədir. Şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
DOĞRU.AZ





























