Sentyabrın 27-də Medianın İnkişafı Agentliyində Anım Günü ilə bağlı tədbir təşkil olunub.
Doğru.az xəbər verir ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcraçı direktor Əhməd İsmayılov çıxışında Vətən müharibəsində qazanılmış Qələbənin xalqımızın birlik və həmrəyliyinin göstəricisi olduğunu bildirib, media nümayəndələrinin 44 gün ərzində əzmkar fəaliyyətini xüsusi qeyd edib.
Daha sonra icraçı direktorun müavini Natiq Məmmədli və şöbə müdiri Mehriban Məmmədova çıxış edərək şəhidlərimizin qəhrəmanlığının xalqımız üçün ilham mənbəyi olduğunu vurğulayıblar.
Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Elşən Ağayev isə media nümayəndələrinin həm arxa, həm də ön cəbhədə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda mühüm rol oynadıqlarını qeyd edib.
Tədbirin sonunda Medianın İnkişafı Agentliyinin kollektivi Zəfər parkına gələrək abidənin önünə gül dəstələri düzüb.
DOĞRU.AZ