image-2000x150px
image-123
image-ads_atlas
image-almanibackend

“Ölkəmizə düşməncəsinə siyasət yeridənlərin başqa dövlətlərə təsirinin qarşısını almalıyıq” – ŞƏRH + FOTO

image-728x90px

“Azərbaycan Prezidenti İlham Əliyevin təkcə Avropa Birliyinin yox, bütövlükdə qərbin üç aparıcı dövlətindən biri sayılan Almaniyaya səfəri ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, bəzi anlaşılmazlıqların aradan qaldırılması baxımından önəmli idi. Bununla bərabər, Avropada guya dost olduqlarını bildirib, ancaq İran kimi bizə qarşı düşməncəsinə siyasət yeridənlər də var ki, bu yöndə eyni qurumda yer aldıqları dövlətlərə təsir etməyə çalışırlar. Söhbət ilk növbədə Fransadan gedir. Biz nə qədər mümkündürsə, Fransanın ilk növbədə böyük dövlətlərə o cür təsirlərinin qarşısını almalı, onları bizim regionda yeritdiyi avantürist siyasətə şərik etməyə qoymamalıyıq”.

Bu fikirləri Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərinin nəticələri haqqında danışarkən Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahib Alıyev deyib. O qeyd edib ki, Azərbaycan Fransa kimi dövlətlərin məqsədli siyasətinin qarşısını ala bilir:

 

“Məsələn, İtaliya bizim regiondakı proseslərə yanaşmada heç də Fransanın mövqelərini bölüşmür. İkinci Qarabağ savaşına qədər Almaniya da bölüşməyib. Son zamanlarsa, açığını deyək ki, bu dövlətin mövqeyində elə də xoşa gəlməyən dəyişikliklər olduğu sezilməkdə idi. Özəlliklə Almaniya Kansleri Olaf Şoltsun Paşinyanla birgə keçirdiyi mətbuat konfransında Qarabağdakı haylarla bağlı dedikləri beynəlxalq normalara uyğun olmadığı üçün qətiyyən qəbul edilə bilməzdi. Ancaq İlham Əliyevin həm Prezident Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü zamanı, həm də Kansler Olaf Şoltsla keçirdiyi birgə mətbuat konfransında hər iki Almaniya rəsmisinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Ermənistanla sülh anlaşmasının məhz bu prinsip əsasında bağlanmasını istədiyini deməsi, təbii ki, bizim üçün çox önəmli idi.  Elə bu faktın özü Azərbaycan Prezidentinin Almaniyaya səfərinin uğurla keçdiyini göstərir”.

Deputat vurğulayıb ki, səfər zamanı 30 alman şirkətinin Azərbaycanda enerji, rəqəmsal texnologiya, nəqliyyat, infrastruktur, logistika, gəmiçilik, daşınma, inşaat, kənd təsərrüfatı, irriqasiya və sair sahələrdə əməkdaşlığa böyük maraq göstərdikləri üzə çıxdı. Bu isə ancaq alqışlana bilər:

“Çünki alman şirkətləri bir qayda olaraq yüksək keyfiyyətli işləri ilə fərqlənir. Həmin şirkətlərdən bəzilərinin təmsilçilərinin ölkəmizdəki biznes mühiti haqqında xoş sözləri də məncə, təkcə son dövrlərdə Azərbaycanda aparılan islahatlara verilən qiymət kimi yox, həm də yeni investisiyaların təşviqində böyük rol oynayacaq məqam kimi qiymətləndirə bilərik.

Bu səfərdə ən önəmli məqamlardan biri də Almaniyanın Azərbaycandan yaşıl enerji ixracında maraqlı olmasını bildirməsi idi. İndi dünyada Avropaya hidrogen və yaşıl enerji idxalında maraqlı olan bir çox dövlət var. Ancaq Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsın da bildirdiyi kimi, burada uğurlu logistikanın təşkili əsasdır ki, o baxımdan da Azərbaycan çox yaxşı mövqedədir. Hətta deyə bilərik ki, digərlərindən bir addım öndədir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki