Paytaxtın Nəsimi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Doğru.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı əvvəllər məhkum olunmuş 61 yaşlı Elman İmanov saxlanılıb. Onun üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilərək götürülüb.
Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan satış məqsədilə qablaşdırılmış ümumi çəkisi 8 kiloqram 413 qram olan heroin, tiryək, marixuana və psixotrop maddə — metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, hər iki şəxs istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DOĞRU.AZ


























