13 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclasında “Space TV” kanalının efirində qanunvericiliyin pozulması faktı müzakirə olunub.
Doğru.az xəbər verir ki, iclasda 11 sentyabrda yayımlanan “Xəbərin izində” proqramının aparıcısı Səidə Bəkirqızının Ağdamda 16 yaşlı məktəbliyə qarşı baş vermiş cinsi zorakılıq hadisəsini şərh edərkən ayrı-seçkiliyi və nifrəti təşviq edən ifadələr işlətməsi qeyd olunub. Bu, “Media haqqında” Qanununun 14.1.4 və 14.1.9-cu maddələrinin tələblərini pozub.
Şura üzvləri bildirib ki, aparıcının cinayəti təqdim edərkən hadisənin törədildiyi bölgə və əhali barədə xoşagəlməz fikirlər səsləndirməsi, hadisənin təfərrüatlarını emosional formada efirə çıxarması qanunvericiliyə və jurnalist etik prinsiplərinə ziddir.
Qərara əsasən, 16 sentyabr 2025-ci il tarixində saat 08.00-dan 14.00-dək “Space TV”nin yayımı dayandırılıb. Şura həmçinin aparıcının sosial şəbəkələrdə həmin efir hissəsini paylaşmasını da tənqid edib.
Audiovizual Şura bütün yayımçılardan qanunvericiliyə riayət etmələrini və aparıcılar ilə maarifləndirici iş aparılmasını tələb edir.
DOĞRU.AZ