image-2000x150px
image-1643194013-750-450backend

Toylarda limit artırılır, yaslar isə…

image-728x90px

Azərbaycanda ötən ilin 1 iyul tarixindən etibarən toyların keçirilməsinə icazə verilib.

Toyda iştirak edən qonaqlardan isə mütləq vaksin və ya immunitet sertifikatı tələb olunur. Məkan və toy sahiblərin şənlik məclisləri barədə məlumatı müvafiq portalda əvvəlcədən və dəqiqliklə (tədbirin günü, başlama və bitmə saatı, iştirakçıların sayı) qeydiyyata salınmalıdır. Karantin rejiminin qayda və tələblərinin pozulması halları aşkarlanarsa, həm toyun, həm də obyektin sahibinə qarşı qanunvericiliyə uyğun inzibati cəza tədbirləri görülür. Bir neçə gün öncə isə toylarda qonaq sayı üçün mövcud olan 150 nəfərlik limitin 250-300-ə qədər qaldırılacağı barədə məlumat yayılıb.

Toy bazarının bir neçə iştirakçısı iddia edir ki, mövcud məhdudiyyət fevral ayından sonra artırıla bilər. Bildirilir ki, şadlıq sarayları artıq mart və aprel aylarında toy mərasimi keçirmək istəyənlərə də bu barədə məlumat verir və nəzərə almağa çağırırlar. Hazırda toylarla bağlı qaydalara əsasən, toyların yalnız 150 nəfərədək keçirilməsinə icazə verilir.

Toylarla bağlı qadağa götürülsə də, yaslara qoyulan qadağa hələ də qüvvədədir. 13 mart 2020-ci il tarixindən etibarən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov 28 dekabr 2021-ci il tarixli brifinqdə çıxışı zamanı yaslarla bağlıqərarın qüvvədə qalması məsələsinə münasibət bildirib. O, bunu nəzarət sisteminin çətinliyi ilə əlaqələndirib: “Bütün bu qərarlar elmi əsaslarla bağlıdır. Toylarda saylara nəzarət və “COVID pasport”larının yoxlanılmasını təmin etmək daha asandır. Amma yas mərasimlərinə böyük axın olduğu üçün buna nəzarət etmək çətindir. Buna görə yas mərasimlərinə məhdudiyyət saxlanılır”.

 

Toylara qoyulan limitin artırılmasının gündəmdə olduğu bir zamanda yaslara qoyulan qadağa aradan qaldırıla bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib ki, bununla bağlı qərar verilməsi çətindir:

“Bununla bağlı qərarın verilməsi çətindir. Toyda nə qədər şəxsin gəlməsini toy sahibi tənzimləyə bilir. Yasda isə nə qədər şəxsin gələcəyi bəlli deyil. O zaman kimi cərimələyəsən, ev sahibinimi? Ev sahibi nə etsin ki, 100 nəfər əvəzinə, 1000 nəfər gəlir? Və yaxud kimsə borcunu yerinə yetirmək üçün gəlib başsağlığı verib gedir. Toyda isə dəvət edilən say bəllidir. Yasda isə “bu qədər adam gəlsin” deyə bilmirsən axı. Amma indi pandemiya olduğu üçün kimsə kimsədən incimir, ən azı telefonla zəng edib başsağlığı verə bilərsən. Ona görə də bu məsələnin hələ yaslara şamil edilməsi problem yaradır”.

Deputatın fikrincə, toylarda qonaq sayının 50-100 nəfər artırılması mümkündür:

“Yaslara bunun tətbiqində problemlər yaşana bilər. Amma onsuz yenə də toylarda da bu qaydalara ciddi əməl olunmur”.

Naibə
Cebhe.info

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki