Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonla iyulun 17-də müddəti başa çatacaq Qara Dəniz Taxıl Təşəbbüsünün icrasını müzakirə edib.
TRT Haber xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Söhbət zamanı Fidan və Blinkenin NATO-nun genişlənməsi, sintetik narkotik təhlükəsi ilə mübarizədə əməkdaşlıq və iyulun 7-də ABŞ-da bu məsələ ilə bağlı keçiriləcək beynəlxalq görüşü də nəzərdən keçirdiyi bildirilir.
İyunun sonunda Türkiyənin xarici işlər naziri BMT-nin baş katibi Antonio Quterreşlə taxıl müqaviləsini və Suriyaya humanitar yardımın göstərilməsini müzakirə edib.
Bundan əvvəl Blinken və Fidan artıq Qara dəniz təşəbbüsünü, İsveçin NATO-ya qəbul prosesini, həmçinin Vaşinqton və Ankara arasında hərbi-texniki əməkdaşlığı müzakirə ediblər. Blinken Türkiyənin Ukraynaya dəstəyini alqışlayıb, həmçinin İsveçin NATO-ya daxil olmasına dəstək verməyə çağırıb.
Mənbə: TRT Haber