image-n1karobka_ads
image-123
image-img-20260111-wa0013backend

Universitet seçimi gələcəyin açarıdır – Şəhla Aslan

image-ad_qayo_720x110px

Universitet seçimi həyatın ən strateji qərarlarından biridir və bu seçimə yalnız “mütləq xaricdə oxuyacam” yanaşması ilə yanaşmaq düzgün deyil. Təcrübə göstərir ki, bu prinsip əsasında verilən qərarlar çox zaman gözlənilən nəticəni vermir.

Azərbaycanda təhsil keyfiyyəti, akademik imkanlar və perspektiv baxımından inkişaf edən universitetlər mövcuddur. Xüsusilə bəzi Türkiyə universitetləri ilə müqayisədə, yerli universitetlərin bir qismi həm akademik səviyyə, həm də imkanlar baxımından geri qalmır, hətta bəzilərindən daha üstündür. Yəni, ölkə xaricində oxumaq təkcə üstünlük göstəricisi deyil.

Vacib məqamlardan biri də budur ki, bir çox gənc xaricdə seçdiyi universitetdə təhsilini uğurla başa vura bilmir. Bunun səbəbləri mədəni fərqliliklər, akademik dil baryeri, ailədən və sosial dəstəkdən uzaq qalmaq, psixoloji adaptasiya problemləri, ətraf mühitin təsiri və iqtisadi çətinliklərdir.

Ölkədəki universitetlərin imkanları ilk növbədə ətraflı araşdırılmalıdır. Coğrafi olaraq avantajlı olmaq, maddi yükün az olması, ailə və sosial dəstəyin mövcudluğu bir çox hallarda tələbənin akademik uğuruna birbaşa təsir edir. Hazırda universitetlərin əksəriyyəti ikili diplom, mübadilə və beynəlxalq proqramlar vasitəsilə tələbələrə xarici təhsil mühitini tanımaq imkanı yaradır.

Qeyd edək ki, bu yanaşma xaricdə təhsilə qarşı deyil. Əgər xaricdə təhsil seçilirsə, mütləq prestijli universitetlərdə, güclü akademik ənənəyə malik ölkə və şəhərlərdə olmalıdır. Əks halda zəif akademik səviyyəli xarici universitet nə karyera, nə də şəxsi inkişaf baxımından üstünlük qazandırmır.

Bundan əlavə, yalnız xarici dil öyrənmək məqsədilə illərlə xaricdə qalmaq rasional seçim deyil. Hazırda dili daha qısa müddətdə, səmərəli və az xərclə öyrənmək mümkündür.

Hesab edilir ki, əsas məsələ harada oxumaq deyil, nə səviyyədə və necə təhsil almaqdır. Universitet seçimi emosional deyil, real akademik imkanlar, şəxsi uyğunluq və uzunmüddətli karyera perspektivləri əsasında edilməlidir.

Dr. Şəhla Aslan,
Təhsilin edilməsi üzrə mütəxəssis,
Qazi Universiteti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki