Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə iyulun 14-də Vaqif Poeziya Günləri start götürəcək. Tədbir əvvəlcə Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda başlayacaq, ardınca Gəncə və Ağdamda davam edib iyulun 17-18-də Şuşada yekunlaşacaq.
Doğru.az xəbər verir ki, Poeziya Günləri zamanı Qazax, Gəncə, Ağdam və Şuşanın müxtəlif mədəni məkanlarında poeziya saatları, kitab sərgiləri, musiqili proqramlar, elmi konfranslar və teatr tamaşaları təşkil ediləcək. Şuşadakı tədbirlərdə tanınmış ədəbiyyat xadimləri və dövlət nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, Vaqif Poeziya Günləri ənənəsi 1982-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşada başlamış və indi Şuşanın azad edilməsindən sonra yenidən davam etdirilir.
Bu il də tədbir ədəbiyyat və mədəniyyət həvəskarlarına unudulmaz anlar yaşadacaq.