20 noyabr 1973-cü ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində dünyaya gələn Vüqar Hətəm oğlu Quliyev kiçik yaşlarından vətən sevgisi ilə böyüyürdü. 1980-ci ildə 1-ci sinfə qədəm qoyan Vüqar, 1990-cı ildə Xanış Rüstəmov adına Yuxarı Mərcanlı Kənd orta məktəbini bitirdi. 1991-ci ildə Mingəçevir Politexnik Texnikomuna daxil olaraq təhsilini davam etdirməyə başladı.
Doğru.az xəbər verir ki, torpaqlarımızın işğalına dözməyən Vüqar ürəyindəki vətən sevgisi ilə hər zaman səngərdə olmağı arzulayırdı. 1992-ci ilin mart ayında təhsilini yarımçıq qoyaraq, cəsur və qorxmaz gənc kimi Milli Ordu sıralarına qoşuldu. Onun mərdliyi və igidliyi ilk gündən hər kəsin diqqətini çəkmişdi.

Vüqar Ağdərənin bir sıra kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, Çıldıran kənd uğrunda gedən döyüşlərdə yaralanmışdı. Müalicəsini Qəbələdə Hərbi hospitalda aldıqdan sonra, ürəyindəki vətən sevgisi onu yenidən ön cəbhəyə aparmışdı. O, heç bir qorxu tanımadan vətəni uğrunda savaşmağa davam etdi.
1992-ci ilin 20 noyabrında düşmənin keçirdiyi əks-hücüm əməliyyatlarının qarşısını alarkən, Vüqar Hətəm oğlu Quliyev Ağdərə rayonunun Vəng kəndində namərd düşmənin gülləsinə tuş gəldi. Vüqar, öz arzularına çataraq şəhidlik zirvəsinə ucaldı.

İgid və mərd Vüqar Quliyev doğulub boya-başa çatdığı Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində dəfn olunmuşdur. Onun igidliyi, mərdliyi və vətən sevgisi həmişə xatırlanacaq, gələcək nəsillərə örnək olacaqdır.
Vüqarın adı hər zaman qəhrəmanlıq tariximizdə yaşayacaq, onun göstərdiyi cəsarət və vətənpərvərlik nümunəsi gənclərə yol göstərəcəkdir.
Allah rəhmət eləsin!
Şəhla Qardaşova
DOĞRU.AZ





























