Mayın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.
Doğru.az xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan və Çin bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərir. O vurğulayıb ki, hazırda ikitərəfli münasibətlər ən yüksək inkişaf mərhələsinə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Söhbət zamanı Prezident İlham Əliyevin Çinə dövlət səfərinin önəmi xüsusi qeyd olunub. Bildirilib ki, bu səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsini əks etdirir.
Parlamentlərarası əməkdaşlıq da görüşün əsas müzakirə mövzularından olub. Bildirilib ki, parlamentlərimiz arasında əlaqələr ümumi münasibətlərin mühüm tərkib hissəsini təşkil edir. Parlamentlərin dostluq qrupları və komitələri səviyyəsində əlaqələrin inkişafı məmnunluqla vurğulanıb.
Sahibə Qafarova həmçinin Çinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Leji ilə keçirdiyi görüşü xatırladaraq, bu cür təmasların əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini bildirib.
Səfir Lu Mey isə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə qanunverici orqanlar arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün çalışacağını ifadə edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ