Doğru.az xəbər verir ki, səfər iştirakçıları əvvəlcə Xudafərin körpüsündə olublar.

QHT nümayəndələrini müşayiət edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl şəhəri, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında məlumat veriblər.

Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir.

Daha sonra səfər iştirakçıları Cəbrayıl şəhərində “Dostluq” bulağı ilə tanış olublar. Vaxtilə Cəbrayılın ən çox ziyarət edilən məkanlarından olan bulaq rayonun işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, səfərin məqsədi 30 il ərzində işğal altında qalan torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri QHT nümayəndələrinin yerində görməsidir.

Nümayəndə heyətinin yol boyu azad olunan torpaqlarda həyata keçirilən quruculuq, tikinti-bərpa işlərini də gördüklərini vurğulayan V.Quliyev qeyd edib ki, QHT-lərin bu prosesə ictimai dəstək verməsi vacibdir.

“Bizi narahat edən problemlərdən biri də mina məsələsidir. QHT rəhbərləri düşünürlər ki, bununla bağlı beynəlxalq təşkilatlara çağırışlar davam etdirilməlidir. Ermənistan hərbçiləri tərəfindən torpaqlarımızda kütləvi mina basdırılmasına, bunun nəticəsində insanların həlak olmasına beynəlxalq hüquqi qiymət verilməlidir”, – deyə V.Quliyev əlavə edib.