Bu gün Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş Qanlı Yanvar faciəsinin üzərindən 36 il ötür. Həmin tarix ölkəmizdə Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
O qanlı gecə xalqımızın azadlıq iradəsini qırmaq məqsədilə sovet ordusu Bakıya yeridildi. Günahsız insanlar küçələrdə, evlərində gülləbaran edildi.
Doğru.az xəbər verir ki, bu hərbi müdaxilə nəticəsində 137 nəfər şəhid oldu, yüzlərlə insan yaralandı, yüzlərlə vətəndaş qanunsuz saxlanıldı.
Yanvarın 20-də dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri, eləcə də minlərlə sakin Şəhidlər Xiyabanına axışaraq Vətən uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad edəcək.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi anım mərasimləri ilə əlaqədar sürücülərə müraciət edərək şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi, alternativ yollara üstünlük verməyi tövsiyə edib.
Qanlı Yanvar faciəsinin həqiqətlərinin dünyaya çatdırılması məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor təşkilatları tərəfindən də silsilə tədbirlər keçirilir.
Yanvarın 20-də saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq. Həmin an gəmilər, qatarlar və avtomobillər səs siqnalları verəcək, dövlət bayraqları matəm əlaməti olaraq endiriləcək.
Qeyd edək ki, 1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verərək bu hadisəni xalqımıza qarşı törədilmiş ağır cinayət kimi tanıyıb.
DOĞRU.AZ




























