image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2-3backend

Əli Əsədov Türk Şurasının nümayəndə heyəti ilə görüşdü – FOTO

image-728x90px

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə ötən müddət ərzində Türk Şurasının güclənərək vacib beynəlxalq quruma çevrildiyi, dünya miqyasında nüfuzunun artdığı məmnuniyyətlə qeyd edilib.

Azərbaycanın Türk Şurasına üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyi bildirilib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə, həmçinin Vətən müharibəsi zamanı ölkəmizə verilən siyasi-mənəvi dəstəyə görə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və təşkilata üzv dövlətlərə minnətdarlıq ifadə olunub. Müharibənin ilk günlərindən qardaş Türkiyə Respublikasının birmənalı dəstəyinin əhəmiyyəti xüsusi vurğulanıb.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsilə açılan imkanlara toxunulub, Zəngəzur dəhlizinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ötən il Türk Şurasının koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş fövqəladə Zirvə görüşü türkdilli dövlətlərin həmrəyliyinin növbəti bariz göstəricisi kimi dəyərləndirilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclasının və Türk Biznes Forumunun Bakıda keçirilməsi yüksək qiymətləndirilib. Forumun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmasının xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Tədbirlər çərçivəsində  qəbul olunmuş qərarların və imzalanmış sənədlərin üzv ölkələr arasında müxtəlif sahələrdə, xüsusilə də iqtisadi-ticari və investisiya sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki