image-2000x150px
image-123
image-ads_atlas
image-img_20211228_101750_156backend

“Sərhədçi”nin yeni prezidenti Firdovsi Umudovun təqdimatı oldu

image-728x90px

“Sərhədçi” Voleybol Klubunun prezidenti təyin olunan “Sərhədçi” İdman Olimpiya Kompleksinin idman bölməsinin rəisi, polkovnik-leytenant, əməkdar məşqçi Firdovsi Umudovun təqdimat mərasimi keçirilib.

Doğru.az xəbər verir ki, mərasim torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ardınca giriş sözü ilə idman kompleksinin rəisi polkovnik Elşən Mirzəyev çıxış edib. O, bu təyinatın komandanı uğura daşıyacağına inandığını bildirib: “Bu gün Firdovsi Umudov “Sərhədçi” voleybol klubunun prezidenti təyin edildi. DSX rəisi, general-polkovnik Elçin Quliyevlə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov arasındakı müzakirələrdən sonra belə qərar verildi ki, “Sərhədçi” voleybol klubu Azərbaycan çempionatlarında mübarizə aparsın. DSX-nin rəisi Elçin Quliyevlə də Firdovsi Umudovun klub prezidenti olmasını müzakirə etdik və o, bunun yaxşı təyinat olduğunu bildirdi. Firdovsi Umudov idmana yad adam deyil. Hər zaman hər probleminizi ona deyə bilərsiniz. O, daim sizin yanınızda olacaq. Bizim məqsədimiz gənc idmançılara dəstək olmaq, onları yetişdirib ölkəyə idmançı bəxş etməkdir. “Sərhədçi” daim ən yüksək yerlər uğrunda mübarizə aparacaq”.

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Cəlil Cəfərov da Firdovsi Umudovu təbrik edib və bu təyinatın klubun gələcəyinə müsbət təsir edəcəyini vurğulayıb: “Voleybola dəstək verdiyinizə görə sizə təşəkkür edirəm. Eyni zamanda “Sərhədçi” mənə doğmadır. “Rabitə” voleybol klubunun Çempionlar Liqası oyunları burda keçirilirdi. Burda çox güclü rəqiblərə qalib gəlmişik. Sevindirici haldır ki, Firdovsi Umudov bu kluba prezident təyin edilib. Onu təbrik edib, uğurlar arzulayıram. Ümid edirəm ki, “Sərhədçi” “Rabitə” səviyyəsinə qalxacaq. İnanmaq və irəli getmək lazımdır. Firdovsi müəllim, Elşən müəllim bu növü sevən adamlardır. Onlar uğur qazanacaqlar. General-polkovnik Elçin Quliyevə də təşəkkür edirəm”.

Daha sonra Firdovsi Umudov yeni vəzifəsindən danışıb. O, Azərbaycan idmanına növündən asılı olmayaraq daim dəstək olacağını, uğur üçün əlindən gələni edəcəyini bildirib: “Hər kəsə təşəkkür edirəm, mənə göstərilən etimada görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdaram. Komanda ilə bağlı böyük planlarımız var. Əvvəllər böyük uğurlarımız əsasən təkbətək idman növlərində daha çox idisə, sonra komanda idman növlərində də böyük nailiyyətlər əldə edildi. “Azərreyl”, “Rabitə”, “Qarabağ” klublarının böyük uğurları və onların ölkə başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilməsinin timsalında idmana dövlət qayğısının necə yüksək olması kimsəyə sirr deyil.

Ölkə rəhbərliyinin idmana qayğısının nəticəsidir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzi kimi bazamız var və burada təkcə voleybol deyil, digər idman növlərinin də inkişafı üçün maddi-texniki baza yaradılıb. Hazırda “Sərhədçi”nin kişilərdən ibarət komandası Superliqada mübarizə aparır və gənc komanda üçün bu artıq böyük uğurdur. İdmana yad adam deyiləm və birlikdə böyük uğurlara imza atacağımıza inamıram. Bu yaxınlarda federasiya prezidenti Cavid Qurbanov və 1-ci vitse-prezident Faiq Qarayevlə görüşərək gələcək planlarımızı müzakirə etmişik. Gələcəkdə beynəlxalq arenalarda uğur qazanıb voleybolumuza töhfə verəcək, ölkəmizin bayrağını yüksəklərə qaldıracağıq.

Hər şeyi federasiyasının üzərinə yükləmək olmaz. Biz şirkətləri, sponsorları idmana dəstək üçün cəlb etməliyik. Azərbaycanın dünya və Avropa, Olimpiya çempionları var. Niyə komanda idman növlərində də davamlı uğurlar olmasın? Nizam-intizam olan yerdə nəticə də gələcək. Biz “Sərhədçi” İdman Olimpiya Mərkəzində olan şəraitdən istifadə etməliyik. Komandamız gəncdir, gələcəyə ümid verir və əsas istəyimiz müxtəlif yaş qrupları üzrə milli komandalara layiqli idmançılar yetişdirməkdir”.

Sonda veteran məşqçi Oktay Musayev Firdovsi Umudovun təyinatına sevindiyini deyib və idmançılar adından ona təşəkkür edib: “Firdovsi müəllim güləşdə dünya və Avropa, Olimpiya çempionları yetişdirib, idmanda böyük təcrübəsi var. Sevinirik ki, bizim yanımızda olacaq. Polkovnik Elşən Mirzəyevə də diqqəti üçün təşəkkür edirəm. Daim bizə dəstək göstərib, hər zaman yanımızda olub”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki