Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri əsasında respublikanın 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, araşdırmalar zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində, Qusar rayonunun Mucuq kəndinin şimal hissəsindəki yaşıllıq ərazidə, Tovuz rayonu Qovlar şəhəri, M.Ə.Sabir küçəsi, 45 ünvanında, Şəmkir rayonunun Keçili kəndində və Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində meşə fonduna daxil olmayan 233 ədəd ağacın qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 63 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 260.2-ci (yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları məhvetmə və ya zədələmə) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
Baş Prokurorluq vətəndaşları ekoloji hüquqpozmalara qarşı mübarizədə, təbiətin qorunması və ətraf mühitə təhlükə törədənlər üçün cavabdehlik və məsuliyyətin təmin edilməsində fəal olmağa, həmçinin istənilən şübhəli ekoloji pozuntular barədə məlumat verməyə çağırır.
DOĞRU.AZ