Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-avqust aylarında əlilliyi olan 90 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
Doğru.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 49,8 mininə ambulator, 21,1 mininə stasionar və icmaəsaslı xidmətlər göstərilib. Digərləri isə səyyar və onlayn formada, sosial-psixoloji, həmçinin ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətlərindən yararlanıblar.
Son illər Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları – robotik, sosial-psixoloji reabilitasiya, yoqa, rəqs terapiyası, hippoterapiya və digər müasir yanaşmalar da tətbiq olunur.
Bununla yanaşı, əlilliyi olan şəxslərə stasionar və ambulator xidmətlərlə birgə, icmaəsaslı, telereabilitasiya və səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.
DOĞRU.AZ