Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları kənd təsərrüfatında istifadə edilən elektrik kabellərini oğurlayan və külli miqdarda ziyan vuran şəxsləri saxlayıb.
Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avqustun 20-dən 24-dək Salmanbəyli kəndində yerləşən şirkətə məxsus pivot suvarma qurğusundan 47 min manat dəyərində kabellərin oğurlanması barədə polisə məlumat daxil olub.
Əməliyyat nəticəsində 1995-ci il təvəllüdlü Cavanşir Əzizov və 1988-ci il təvəllüdlü Dilqəm Hüseynov saxlanılıb. Araşdırma zamanı C. Əzizovun Ağcabədi rayonunun Avşar kəndində başqa bir suvarma qurğusundan 600 metr kabel oğurladığı da müəyyən edilib.
Oğurluq səbəbindən sahələrin suvarılması dayanıb və təsərrüfat subyektlərinə ciddi maddi ziyan dəyib. Faktla bağlı cinayət işi başlanıb, şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
DOĞRU.AZ