Azərbaycan Respublikasının Ali Məhkəməsi Cinayət Məcəlləsinin 62-ci maddəsinin – yəni cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin – tətbiq olunması ilə bağlı məhkəmələr üçün hüquqi mövqeyini açıqlayıb.
Doğru.az-a daxil olan məlumata görə, Ali Məhkəmənin Cinayət Kollegiyası qeyd edib ki, belə qərar yalnız təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətə münasibəti, törətmə şəraiti və cinayətin ictimai təhlükəlilik dərəcəsinin azlığı ilə bağlı müstəsna hallar əsasında əsaslandırılmalıdır.
Ali Məhkəmə vurğulayıb ki, məhkəmə daha yüngül cəza təyin etdikdə sadəcə istinadlarla kifayətlənməməli, bu qərarın sübutlarla necə əsaslandırıldığını da açıqlamalıdır. Cinayətə aid halların və təqsirkarın davranışlarının həmin qərara necə təsir göstərdiyi də konkret şəkildə izah olunmalıdır.
Eyni zamanda qeyd olunub ki, cəza müəyyən edilərkən onun ədalətli və cinayətin xarakteri ilə uyğunluq təşkil etməsi əsas şərtdir. Sadəcə yüngülləşdirici hallara həddindən artıq üstünlük verilməsi, digər vacib amillərin nəzərə alınmaması cəzanın hüquqi və ədalətli mahiyyətini poza bilər.
DOĞRU.AZ