Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi və “PashaPay” şirkətinin birgə təşkilatçılığı ilə “Media nümayəndələrinin fəaliyyətində süni zəka” mövzusunda növbəti təlim proqramı həyata keçirilib.
Doğru.az xəbər verir ki, Quba regional “ASAN xidmət” mərkəzində keçirilən tədbir 22 İyul – Milli Mətbuat Günü münasibətilə təşkil olunub. Təlimdə ölkənin müxtəlif media qurumlarını təmsil edən 60-a yaxın jurnalist iştirak edib.
Təlimin əsas məqsədi media nümayəndələrinin fəaliyyətində süni zəka texnologiyalarından səmərəli istifadə imkanlarını artırmaq, informasiya istehsalında innovativ və yaradıcı yanaşmaların tətbiqini təşviq etməkdir.
Açılış mərasimində ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri və təlim proqramının önəmi barədə məlumat verilib. Təlim zamanı iştirakçılara süni zəka alətləri, trendlər, çatışmazlıqlar və inkişaf perspektivləri barədə geniş məlumat təqdim olunub, real nümunələr üzərində praktiki məşğələlər aparılıb.
İştirakçılar “Biz birlikdə güclüyük” devizi altında “Komanda işində birlik!” mövzusunda art-terapiya seansında bir araya gəliblər.
Interaktiv formatda keçirilən tədbirdə media nümayəndələrinin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ